CƏMİYYƏTHACİ RAHİM İSMAYILOVMENTALİTET-QHT

Hacı Rahim İsmayılov: Tarix və ənənə dəyərlərimizin kökləri-1 ci hissə

Tarix və ənənə dəyərlərimizin kökləri-1 ci hissə

Tarixi dəyərlər — bir xalqın və ya cəmiyyətin keçmişinə aid olan, onun mədəniyyəti, müstəqillik uğrunda mübarizəsi, dövlətçilik ənənəsi, qəhrəmanlıq tarixləri, memarlıq abidələri, şəxsiyyətləri və tarixi hadisələri ilə bağlı formalaşmış dəyərlər sistemidir(Qobustan qayaüstü rəsmləri,Şəxsiyyətlər: Babək, Şah İsmayıl Xətai, H. Əliyev və s., Tarixi abidələr: İçərişəhər, Qız qalası və s.)
Ənənəvi dəyərlər — nəsildən-nəslə ötürülən, xalqın gündəlik həyat tərzində, davranışında, münasibətlərində və dünyagörüşündə əks olunan mənəvi və mədəni normalar, adətlər və qaydalar toplusudur(Qonaqpərvərlik,Böyüyə hörmət,Ailə bağları və ailə içi münasibətlər)
Tarixi dəyərlərimizin kökləri
Azərbaycan xalqı qədim tarixə və zəngin mədəni irsə malik olan bir millətdir. Bu torpağın sakinləri minilliklər boyu mütərəqqi dəyərlər yaratmış, onları nəsildən-nəslə ötürərək bu günə qədər yaşatmışlar. Tarixi dəyərlər hər bir xalqın kimliyini müəyyən edən, onun milli yaddaşını formalaşdıran, mədəni, sosial və mənəvi aləmini dərinləşdirən mühüm amillərdir. Azərbaycan xalqının tarixi dəyərlərinin kökləri isə yalnız son əsrlərlə deyil, qədim çağlarla, ilk insan məskənləri ilə, ilkin əmək və düşüncə ilə, yazıdan və hətta dillərdən əvvəlki dövrlərlə başlanır.
Tarixi dəyərlər dedikdə yalnız abidələr, kitabələr və ya dövlətçilik ənənələri nəzərdə tutulmur. Bu anlayış daha geniş məna daşıyır. Tarixi dəyərlər deyəndə xalqın keçmişdə yaratdığı və bu günə qədər gəlib çatan ideyalar, həyat tərzi, döyüş və sülh mədəniyyəti, inanc formaları, qəhrəmanlıq nümunələri, idarəetmə üsulları, ədalət prinsipləri, mənəvi dirənişlər və mədəni irs başa düşülür. Bu dəyərlər həm maddi, həm də mənəvi irs üzərində formalaşır. Onların bir hissəsi fiziki əşyalar – abidələr, qayaüstü rəsmlər, silahlar, qədim sənət nümunələri – formasında qorunmuşdur. Digər hissəsi isə xalq yaddaşında, şifahi ənənədə, dastanlarda, nəğmələrdə, dini rituallarda və adətlərdə yaşamaqdadır.
Azərbaycan ərazisində ilk insan məskənləri təxminən 1,5 milyon il əvvələ — paleolit dövrünə aid edilir. Bu dövrə aid ən mühüm tapıntılardan biri, heç şübhəsiz ki, Azıx mağarasıdır. Burada aşkar olunan alt çənə sümüyü – Azıxantrop – sübut edir ki, bu torpaqda məskunlaşma tarix boyu fasiləsiz şəkildə davam etmişdir. Bu fakt həm elmi baxımdan, həm də ideoloji baxımdan xalqın tarixə bağlılığını və bu torpaqda qədimdən var olduğunu göstərir. Qobustan qayaüstü təsvirləri isə insanların həyat tərzini, dini düşüncələrini və sosial münasibətlərini öyrənmək baxımından əvəzolunmaz mənbədir. Bu təsvirlər o dövrdə ovçuluqla məşğul olan insanların dünyagörüşünü, təbiətə münasibətini və ilkin kollektiv həyat formalarını əks etdirir. Bu da bizim qədim dövrlərdən bəri birgəyaşayış, əmək bölgüsü, təbiətlə vəhdət kimi dəyərlərə malik olduğumuzu sübut edir.
Sonrakı dövrlərdə tunc və dəmir metallurgiyasının inkişafı ilə Azərbaycan ərazisində kompleks mədəniyyət formalaşmağa başladı. Kür–Araz mədəniyyəti, Leylatəpə mədəniyyəti və Naxçıvan arxeoloji abidələri təkcə maddi-mədəni dəyərlər yaratmadı, həm də ilk dəfə olaraq cəmiyyətin strukturlaşmasına – ailə, tayfa, icma, liderlik anlayışlarının formalaşmasına zəmin yaratdı. Bu mərhələdə həm də ilk dini baxışlar, totemlər və əcdadlara sitayiş kimi mənəvi dəyərlərin kökləri atıldı.
Qədim dövrlərdə Azərbaycanın ərazisində yaranan ilk dövlət qurumları – Manna, Midiya və Atropatena – həm dövlətçilik ənənələrinin, həm də inzibati və hüquqi dəyərlərin inkişafına təkan verdi. Atropatena dövləti həm də “Azərbaycan” adının ilkin formasının tarix səhnəsinə çıxması ilə əlamətdardır. Bu dövr xalqın öz torpağında siyasi iradəyə sahib çıxmağa başlamasının göstəricisidir. Dövlətçilik, ərazi bütövlüyü, vətənə bağlılıq kimi anlayışlar məhz bu dövrlərdən başlayaraq tarixi dəyər kimi formalaşmağa başlamışdır.

Araşdırmaçı Publisist “MENTALİTET” yeni nəsilə sosial-mənəvi dəstək İB sədri
Mədəini-Niyyət və yenimedia.az xəbər portalının təsisçisi
Hacı Rahim İsmayılov 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir