ƏNVƏR NƏZƏRLİ: Yaman könlümə düşmüsən…

Məndən uzaq gəzən gözəl,
Yaman könlümə düşmüsən.
Ürəyimi üzən gözəl,
Yaman könlümə düşmüsən.
Dağlar qar istəyən kimi,
Bağlar bar istəyən kimi,
Xəstə nar istəyən kimi
Yaman könlümə düşmüsən.
Görən sənə mələk deyir,
Çəmən deyir, çiçək deyir,
Mən demirəm ürək deyir:
Yaman könlümə düşmüsən!
Şirin canımdan keçərəm,
Qüssə əkib qəm biçərəm,
Eşqimizə and içərəm,
Yaman könlümə düşmüsən!
Ənvər Nəzərli