Hacı Rahim İsmayılov: Tarix və ənənə dəyərlərimizin kökləri- 2 ci hissə
Hacı Rahim İsmayılov: Tarix və ənənə dəyərlərimizin kökləri- 2 ci hissə
Qafqaz Albaniyası dövründə isə Azərbaycan xalqı özünün ilk əlifbasını yaratdı. Bu, mədəni inkişaf baxımından mühüm addım idi. Xristianlığın IV əsrdə Albaniya dövləti tərəfindən rəsmi din kimi qəbul edilməsi dini tolerantlıq və yeni mənəvi dəyərlərin – mərhəmət, ədalət, bağışlama və yayılmasına şərait yaratdı. Albaniya dövründə tikilmiş məbədlər, monastırlar, dini kitabələr və rəsmlər bu gün də xalqımızın çoxdinli və çoxmədəniyyətli keçmişinə dəlalət edir. Bu dövrdə həmçinin qonşu dövlətlərlə diplomatik münasibətlər qurulması, mədəni mübadilələr və ticarət yolları sayəsində regionlararası dəyərlərin formalaşması baş verdi.
VII əsrdə İslamın Azərbaycana gəlişi ilə xalqımızın mənəvi dünyasında yeni bir mərhələ başlandı. İslam yalnız bir din kimi deyil, həm də mədəniyyət, ədalət sistemi, yazı dili və təfəkkür tərzi kimi xalqın həyatına daxil oldu. Ərəb xilafətinin tərkibində olan Azərbaycan ərazisində bir çox mədəniyyət ocaqları, mədrəsələr, kitabxanalar və ədəbiyyat məktəbləri formalaşdı. Bu dövrdə ərəb əlifbasının yayılması, islam hüququnun tətbiqi, ictimai ədalət prinsiplərinin möhkəmləndirilməsi və elmə maraq kimi dəyərlər xalqın tarixi şüurunda yer aldı. Şirvanşahlar dövləti bu baxımdan xüsusi önəm daşıyır. Onlar bir tərəfdən islam dəyərlərinə sadiq qalaraq, digər tərəfdən yerli ənənələri qoruyaraq özünəməxsus mədəniyyət formalaşdırdılar.
XI-XIV əsrlər arasında Azərbaycan böyük türkdilli imperiyaların – Səlcuqların, Eldəgizlərin və Hülakülərin təsiri altında idi. Bu dövrdə türk dili və mədəniyyəti ilə yanaşı, ictimai-siyasi düşüncədə qəhrəmanlıq, dövlətə sədaqət, elmə hörmət və fərdin məsuliyyəti kimi dəyərlər inkişaf etdi. Nizami Gəncəvinin, Xaqani Şirvaninin və Füzulinin əsərləri bu dövrdə formalaşan mənəvi dəyərlərin bariz nümunələridir. Bu dövrdə ədəbiyyat, memarlıq, musiqi və dini təfəkkür yüksək səviyyəyə çatdı. İpək yolu vasitəsilə müxtəlif mədəniyyətlərin Azərbaycana daxil olması həm də qloballaşmanın erkən formalarının xalqımızın tarixi dəyərlərinə necə təsir etdiyini göstərir.
XVI əsrdə yaranan Səfəvilər dövləti isə Azərbaycan tarixində mühüm dönüş nöqtəsi oldu. Şah İsmayıl Xətainin rəhbərliyi ilə qurulan bu dövlət həm milli birlik, həm mərkəzləşmiş idarəetmə, həm də dini ideologiyanın birləşdirici gücü ilə yeni tarixi dəyərlər yaratdı. Şiəliyin rəsmi məzhəb elan edilməsi xalqın dini kimliyində ciddi dəyişikliklərə səbəb oldu. Bu dövrdə dövlətin müdafiəsi, vətənpərvərlik, dini sədaqət, qəhrəmanlıq və milli şüur əsas dəyərlərə çevrildi. Xətainin “Dəhnamə” və digər əsərləri də göstərir ki, bu dövrdə həm dövlətçilik, həm də mənəviyyat xalqın düşüncəsində birləşmişdi.
XVIII əsrdə Səfəvi dövlətinin zəifləməsi ilə Azərbaycanın müxtəlif bölgələrində xanlıqlar meydana gəldi. Gəncə, Şəki, Qarabağ, Bakı və digər xanlıqlar öz daxili idarəetməsini formalaşdıraraq həm diplomatik, həm də hərbi dəyərlər sistemini qoruyub saxladılar. Bu dövrdə rus və iran təzyiqləri fonunda milli dirəniş, liderlik, müstəqillik arzusu və xalqın öz hakimiyyətinə sahib çıxmaq istəyi əsas tarixi dəyərlərə çevrildi. Cavad xanın Gəncə uğrunda göstərdiyi qəhrəmanlıq, Hacı Çələbi xanın Şəki xanlığını qoruması xalqın yaddaşında milli iradənin simvolu kimi yaşamaqdadır.
XIX əsrin sonu – XX əsrin əvvəllərində milli oyanış dövrü başladı. Maarifçilik, ana dilində təhsil, milli mətbuat, qadın hüquqları və azadlıq ideyaları yeni dəyərlər kimi cəmiyyətə daxil oldu. Bu dövrdə “Molla Nəsrəddin” jurnalı, Həsən bəy Zərdabi, Üzeyir bəy Hacıbəyli, Əli bəy Hüseynzadə və digər ziyalıların fəaliyyəti xalqın mənəvi dünyasında silinməz izlər qoydu. Tarixi dəyərlər artıq yalnız keçmişə hörmət kimi deyil, həm də gələcəyin qurulması üçün alət kimi qəbul edilirdi.
1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti tarixi dəyərlərin təcəssümü idi. Azadlıq, demokratiya, qadın hüquqları, milli ordu, dövlət rəmzləri, diplomatik əlaqələr və milli valyuta kimi dəyərlər bu qısa dövr ərzində möhkəm təməllər üzərində quruldu. Cümhuriyyətin süqutuna baxmayaraq, onun qoyduğu irs bu gün də xalqımız üçün müqəddəsdir.
Sovet dövründə müəyyən mədəni sıxıntılara baxmayaraq, Azərbaycan xalqı öz dilini, musiqisini, ədəbiyyatını, tarixi yaddaşını qorumağa davam etdi. Bu dövrdə də tarixi dəyərlər – kollektivçilik, əmək mədəniyyəti, sənaye irsi – fərqli ideologiya içərisində yaşamağa məcbur olsa da, milli düşüncə gizli şəkildə yaşamağa davam etdi.
1991-ci ildə müstəqilliyin bərpası ilə xalqımız tarixi dəyərlərinə sahib çıxmaq üçün geniş imkan əldə etdi. Dövlətçilik, vətənpərvərlik, multikulturalizm, dini dözümlülük, mənəvi tərbiyə və ailə institutu əsas milli dəyərlər kimi irəli çəkildi. Heydər Əliyevin rəhbərliyi ilə bu dəyərlərin dövlət siyasətinin əsas istiqamətlərinə çevrilməsi xalqın milli kimliyinin qorunmasına xidmət etdi. Qarabağ müharibəsində, xüsusilə 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq və həmrəylik bir daha sübut etdi ki, xalqımızın tarixi dəyərləri canlı və qüvvətlidir.
Bu gün də Azərbaycan xalqı öz tarixi dəyərlərinə sadiqdir. İstər ailə modeli, istər dini-mənəvi münasibətlər, istərsə də ictimai həyat prinsipləri baxımından biz bu dəyərlərin daşıyıcısıyıq. Tarixi dəyərlərimiz həm milli ideologiyanın, həm təhsilin, həm də mədəniyyət siyasətinin əsasını təşkil edir. Bu dəyərləri yaşatmaq və gələcək nəsillərə ötürmək isə hər birimizin borcudur...

Araşdırmaçı Publisist “MENTALİTET” yeni nəsilə sosial-mənəvi dəstək İB sədri
Mədəini-Niyyət və yenimedia.az xəbər portalının təsisçisi
Hacı Rahim İsmayılov
Mədəni-Niyyət qəzeti “Yenideyer.az”
