ŞƏHİDLƏR

Baloğlan Süleymanov,OĞLUNUN QATİLLƏRİNİ MƏHV ETDİ

OĞLUNUN QATİLLƏRİNİ MƏHV ETDİ

  • Baloğlan Süleymanov 1992-ci ilin yanvar ayından könüllü olaraq milli orduya yazılıb. Əvvəlcə tank komandiri, sonra isə kəşfiyyat qrupunun bölük komandiri vəzifəsini icra edib.
    Zəngilanı qorumaq üçün silaha sarılan Baloğlan Süleymanovun ailəsi ilk itkini 1992-ci ilin avqustunda verib. 21 avqust 1992-ci ildə “ Qızlar ağacı “ deyilən yüksəklikdən düşmən tankından atılan iki mərmi Baloğlanın yaşadığı Rəzdərə kəndindəki evinin həyətinə düşür. Mərminin partlaması nəticəsində Baloğlanın 10 yaşlı balaca oğlu Sadiqin bədən üzvlərini parçalayır, uşaq həlak olur.
    Bunu eşidən Baloğlan kəndə gəlir. Oğlu Sadiqin öldüyünü bildikdə döyüşçü dostları ilə birlikdə silahlanaraq Sadiqin cəsədini həyətin ortasında qoyub düşməndən qisas almağa gedir. Cəsur döyüşçü iki gün sonra başçiliq etdiyi qrupun üzvləri olan Elman, Namiq, Pənah və Elşənlə birlikdə ermənilərin postlarına hücum edərək düşmənin 25 canlı qüvvəsini məhv etmiş, bir neçə hərbi texnikasını, içi ermənilərlə dolu olan “Niva” maşınını sıradan çıxarmış və xeyli silah-sursatı qənimət kimi ələ keçirmişlər. Bu uğurlu əməliyyatı Baloğlan dostları ilə bir neçə dəfə davam etdirmişdir. Baloğlan kimi igid və cəsur oğulların hesabına Zəngilan rayonu bir müddət özünü nəinki qoruyub saxladı, hətta Qubadlı, Cəbrayıl və Fizuli rayonlarına da kömək etdi. Köməyə gedən döyüşçülər arasında Baloğlan da var idi.
    Baloğlan oğlunu öldürən həmin erməni tankını tapıb, heyətini məhv edərək tankı alıb oğlunun qəbri üstünə gedib.
    1993-cü il oktyabr ayının 25-də Ermənistan Silahlı Qüvvələri Mehri, Qafan, Qubadlı və Cəbrayıl istiqamətindən hücuma keçdilər. Ermənilər kəşfiyyat bölüyünün üzərinə 1 motoatıcı taboru və 1 tank bölüyü ilə hücuma keçdilər.
    Qəfildən düşmənin bir neçə tankı müdafiə zolağını yenidən yararaq Baloğlanın bölüyünə tərəf istiqamət alır. Amma düşmən tankları bu dəfə səngərləri hədəfə almağa başlayır. Səngərlərə düşən mərmilər partlayaraq döyüşçülərimizin bir çoxunu məhv edir və ağır yaralayır. Mövqeyini dəyişmək istəyən Baloğlan da düşmən gülləsinə tuş gəlir və Cəbrayıl rayonunun Dərzili kəndində həlak olur. Erməni quldur dəstələri Baloğlanın ölümündən üç gün sonra Zəngilana daxil oldu.
    Baloğlanın silahdaşı və yaxın köməkçisi olan qardaşı Elman Süleymanovun dediklərindən: “Baloğlan həmişə deyirdi ki, məni oğlum Sadiqlə yanaşı dəfn edin. Təəssuflər ki, Zəngilan işğal edildiyinə görə Baloğlanın son arzusunu yerinə yetirə bilmədik. Qardaşımı Tərtər rayonunun Köçərli kəndində dəfn etdik…”…*** PAYLAŞDI QULAM ƏHMƏD

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir