CƏMİYYƏTGÜNDƏMŞƏHİDLƏRUncategorized

Xocalı soyqırımı

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımdır. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.[1] Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.[1] Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi.[1] “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar.[1] Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.[1]

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.[2] Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.[3]

Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. Onun qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir.[4] Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.[4] Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi MeksikaKolumbiyaÇexiyaBosniya və HerseqovinaCibutiPeruHondurasPanamaİordaniyaRumıniya və Şotlandiya tanıyır.[5] İndiyədək ABŞ-nin 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır.

Əsas məqalə: Qarabağ müharibəsi

Xocalı 1991-ci ilin oktyabrından Qarabağdakı erməni separatçılarının blokadasında idi.[4] Oktyabrın 30-da şəhərlə avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq helikopter əlaqəsi qalmışdı.[4] Xocalıya sonuncu helikopter 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki helikopterin vurulması[6] və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi.[4] Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi.[4]

1992-ci il yanvarın 2-də Ayaz Mütəllibov Azərbaycan Respublikası Prezidentinin vəzifəsini icra etməyə davam etdi. Rəsmi olaraq, yeni yaradılmış Ermənistan Respublikası Dağlıq Qarabağda separatçılarla açıq olaraq hər hansı bir silah, yanacaq, ərzaq və ya digər maddi-texniki təmin olunmasını təkzib edirdi, lakin Levon Ter-Petrosyan sonra separatçıların maaşlarının ödənilməsi və maddi-texniki təchizatı ilə təmin edilməsini etiraf etsə də, döyüşə öz adamlarının göndərilməsini təkzib edirdi. Ermənistan artıq Azərbaycanın blokadası, həmçinin Azərbaycanın qonşusu olan Türkiyənin təzyiqi üz-üzə idi.[7] Fevralın əvvəllərində Azərbaycan kəndləri olan MalıbəyliQaradağlı və Ağdaban ermənilər tərəfindən işğal edildi və onların mülki əhalisi qırğına məruz qalaraq evlərini tərk etməyə məcbur edildilər. Nəticədə ən azı 140 nəfər yaralanmış və 99 nəfər həlak olmuşdu.[8]

Ermənistanın Qarabağla yeganə quru əlaqəsi yalnız vertolyotlar ilə daxil olunan Laçın dəhlizi idi. Bölgənin tək hava limanı paytaxt Xankəndindən yeddi km aralı yerləşən, əhalisi təxminən 6.000–10.000 nəfər olan Xocalı şəhəri idi. Bundan əlavə, Xocalı Qrad raketlərinin artilleriya bazası kimi xidmət etmişdir. Ermənilər Xankəndidə ermənilərin yaşadığı çoxmərtəbəli binalara 400 Qrad raketlərinin atıldığını iddia edirdi.[9][10] Erməni tərəfi fevralın sonunda azərbaycanlılara hücum barədə xəbərdarlıq etdiklərini və şəhəri təslim etmək barədə ultimatum verir.[10][11][12]

Xocalıya hücum

Xocalı şəhəri

1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, orada yaşayan etnik azərbaycanlıları vəhşicəsinə qətlə yetirməyə başladılar.[13] Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdu.[14] Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdir.[15]

“Memorial” İnsan Hüquqları Mərkəzinin 25 – 26 fevral 1992-ci il tarixdə Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabatında qeyd olunur ki, hücuma qədər Xocalıda şəhərin bir neçə yüz müdafiəçisi də daxil olmaqla 2–4 min əhali yaşayırdı.[1] Xocalını könüllü müdafiə qüvvələri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis xüsusi təyinatlıları və Azərbaycan milli ordusunun əsgərləri qoruyurdu.[1] Hər iki tərəfdən alınan məlumata görə şəhərdə üç ədəd zirehli texnika, həmçinin “Alazan” raket qurğusu yerləşirdi. Xocalıya hücum edən şəxslər və Dağlıq Qarabağ “rəsmiləri” Xocalıda həmçinin iki ədəd “Qrad” tipli reaktiv atəş sisteminin olduğunu söyləyirlər.[1]

Hücumun iştirakçıları

Hesabatda hücumun iştirakçılarının, “Artsaxın Milli Azadlıq Ordusu (AMAO)” “Dağlıq Qarabağ Respublikası”nın Ali Sovetinin plenumunun qərarı ilə təyin olunan baş komandan və qərargah rəisinə tabe olan ərazi komandanlıqlarının tabeliyində olan dəstələrdən (bölüklərdən) ibarət olması qeyd olunur.[1] “Memorial” müşahidəçiləri Xocalıya hücum etməyə şəxsən kimin əmr verdiyi və ya əməliyyata görə kimin məsuliyyət daşıdığı barədə məlumat ala bilməmişdir, lakin “DQR” rəhbərliyinin onun Dağlıq Qarabağda vəziyyətə tam nəzarət etməsi ilə bağlı bəyanatını əsas götürərək Xocalını zəbt etmək əməliyyatının həm planlaşdırmasına, həm də icrasına görə məsuliyyətin də onun daşıdığı nəticəsinə gəlmək olar.[1]

366-cı motoatıcı alayın rolu

Bütün Xocalı qaçqınlarının söylədiklərinə görə şəhərə hücumda Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişlər.[1][4][16] Hərbi hissənin komanda heyəti, əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədiyini qeyd edirdi.[17] Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar.[18][19][20] Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi.[21]

Erməni tərəfindən alınmış məlumata görə 366-cı alayının döyüş maşınları və onların heyəti şəhərə hücum əməliyyatında iştirak etmişdir, onlar şəhərə atəş açmış, lakin ora daxil olmamışdır.[1] Erməni tərəfi hərbçilərin döyüş əməliyyatlarında iştirakı üçün alayın komandanılığının yazılı əmrinin olmadığını bildirir.[1]

Hücumun gedişatı

Xocalıdan olan məcburi köçkünlər qatarda, Ağdam, 1992-ci il.

Xocalı fevralın 25-də saat 23:00-dan toplardan atəşə tutulmağa başlanmışdır.[1] İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdıldı. Piyada dəstələr şəhərə fevralın 26-sı gecə saat 01:00–04:00 arası girmişdir. Ermənistan silahlı birləşmələrin üzvlərinin məlumatına görə Xocalı qarnizonunun silahlı müqaviməti tezliklə tam olaraq qırıldı. Xocalıdakı dağıntılar artilleriya hücumunun olduğunu təsdiq edir, onlar gərgin küçə döyüşləri nəticəsində yaranan dağıntı və zədələnməyə bənzəmirdilər. Sonuncu müdafiə nöqtəsi saat 07:00-da məhv edildi. Hücum başladıqdan dərhal sonra əhalinin bir hissəsi Ağdam istiqamətinə hərəkət edərək Xocalını tərk etməyə başladılar[22]. Şəhəri tərk edən bəzi qrupların tərkibində şəhər qarnizonundan olan silahlı şəxslər var idi.[1]

Əhali şəhəri iki istiqamətdə tərk etdi:[1]

  • Şəhərin şərq hissəsindən çay yatağı boyunca şimal-şərq istiqamətinə, Əsgəranı sol tərəfdə saxlamaqla (Ermənistan rəsmiləri məhz bu yolun “azad dəhliz” kimi saxlanıldığını bildirir);
  • Əsgəranı sağ tərəfdə saxlamaqla şəhərin şimal hissəsindən şimal-şərq istiqamətinə (görünür bu yolla qaçqınların az bir hissəsi keçmişdir).

Beləliklə mülki əhalinin əksər hissəsi Xocalını tərk etdi, təxminən 200–300 nəfər öz evlərində və zirzəmilərində gizlənərək Xocalıda qaldı. Hücum zamanı şəhərin bombalanması nəticəsində Xocalıda qeyri-müəyyən sayda mülki əhali öldürüldü. Erməni tərəfi praktiki olaraq bu cür öldürülən əhalinin sayı ilə bağlı məlumat verməkdən imtina etdi (26 fevral tarixində Xocalı rayonunda olan “Qolfstrim” assosiasiyasının tele-müxbiri I. Burqanskinin məlumatında əhalinin əksəriyyəti müdafiə qarnizonunun bölmələrinin minomyot atəşindən öldüyü göstərilir, lakin Burqanskinin hücuma dair təsvir etdiyi əksər təfərrüatlar bütün mənbələrdən alınan digər məlumatlara uyğun gəlmədiyindən onun bu məlumatları şübhə doğurur.)[1]

Erməni tərəfinin məlumatına görə hücum edənlər 10–12 nəfər ölüm itkisi vermişdir.[1]

Əhalinin çıxması üçün “azad dəhliz”

Ağdamda Xocalı soyqırımının qurbanları üçün şaxsey-vaxsey, 1992-ci il.

“DQR” rəsmilərinin məlumatına görə mülki əhalinin Xocalıdan çıxması üçün şəhərin şərq hissəsindən başlayan, çay yatağı ilə davam edən və şimal-şərq tərəfə, Ağdama doğru istiqamətlənən və Əsgəranı sol tərəfdən keçən “azad dəhliz” saxlanılmışdı. Bu “dəhliz” 100–200, bəzi yerlərdə isə 300 metrə çatan enliyə malik idi. Ermənistan silahlı birləşmələrinin üzvləri mülki əhaliyə və həmin “dəhlizin” hüdudlarında yerləşən silahsız hərbi birləşmələrin üzvlərinə atəş açmayacağına söz vermişdi.[1]

“DQR” rəsmilərinin və hücumda iştirak edən şəxslərin məlumatına görə hücum başlanarkən zirehli döyüş maşınlarında quraşdırılmış səsucaldan cihazlar vasitəsilə Xocalı sakinləri bu cür “dəhliz”in mövcudluğu barədə məlumatlandırılmışdır, lakin bu məlumatı verən şəxslər Xocalının əksər sakinlərinin atışma səsləri və səsgücləndiricilərin gücünün zəif olması səbəbindən “azad dəhliz” barədə xəbəri eşitməyə bildiyini istisna etmədilər. “DQR” rəsmiləri həmçinin bildirdilər ki, hücuma bir neçə gün qalmış Xocalı üzərindən helikopterlər ilə əhaliyə “azad dəhliz”dən istifadə etmək çağırışı ilə müraciət edən vərəqələr paylanmışdır, lakin bunun sübutu üçün “Memorial” müşahidəçilərinə bu cür vərəqənin bircə dənə də olsa nümunəsi təqdim edilə bilmədi. “Memorial” müşahidəçiləri Xocalıda da bu cür vərəqələrin heç bir izinə rast gəlməmişdir. Dindirilən Xocalı qaçqınları bu cür vərəqələr barədə heç nə eşitmədiyini söylədilər.[1]

Ağdam və Bakıda “Memorial” müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, “azad dəhliz” barədə məlumatı olmuşdur (Xocalı qarnizonunun “hərbçi”si onu xəbər etmişdir). “Memorial” müşahidəçilərinin Xankəndidə təcridxana mərkəzində deputat Paruyr Hayrikyan iştirakı ilə söhbət etdiyi (söhbət Ermənistan televiziyasının operatoru tərəfindən lentə alınmışdır) əsir götürülən Xocalı sakinləri “azad dəhliz” barədə heç nə eşitməmişdir.[1]

Hücumdan bir neçə gün öncə Ermənistan tərəfinin nümayəndələri radio əlaqədən istifadə edərək dəfələrlə Xocalı qurumlarını planlaşdırılan hücum barədə məlumatlandırmış və onlardan dərhal əhalini tam şəkildə şəhərdən çıxarmağı tələb etmişdir.[1] Bu məlumatın Azərbaycan tərəfindən alındığı və Bakıya ötürüldüyü “Bakinski raboçi” qəzetinin buraxılışında təsdiq olunmuşdur.[1] “Dəhliz”in möcvudluğu barədə “Russkaya mısl” qəzetinin 03.04.1992-ci il tarixli nəşrində göstərilir və bu barədə Xocalı icra hakimiyyətinin başçısı Elman Məmmədovun sözlərindən sitat gətirilir:

"Biz bu dəhlizin mülki əhalinin çıxması üçün nəzərdə tutulduğunu bildirdik…[1]Elman Məmmədov"

Soyqırım

Şəhərdən çıxan əhalinin taleyi

Hücum başlayan kimi sakinlər təşviş içində şəhəri tərk etməyə cəhd göstərdilər.[1] Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilmədilər — əksəriyyət yüngül geyimdə qaçdılar (nəticədə onlar müxtəlif dərəcəli donvurmanın qurbanına çevrildilər), Bakıda və Ağdamda dindirilən qaçqınların əksəriyyətinin hətta sənədləri yox idi. Əhalinin əksəriyyəti şəhəri çayın yatağı boyunca hərəkət edərək (birinci yol – “Xocalıya hücum” bölməsinə baxın) tərk etdi. Bəzi qaçqın qruplarının tərkibində şəhər qarnizonundan silahlı şəxslər var idi. Azərbaycanın Ağdam rayonunun yaxınlığında “azad dəhliz”lə hərəkət edərkən bu insanlara atəş açıldı və nəticədə onların çox hissəsi öldürüldü. Sağ qalan qaçqınlar dağınıq düşdü. Xilas olmağa çalışanlar erməni postalarına dirəndilər və orada atəşə məruz qaldılar. Yalnız qaçqınların bir hissəsi Ağdama çata bildi; bəziləri, əsasən qadın və uşaqlar (dəqiq sayını müəyyən etmək mümkün deyil) dağlarda hərəkət edərkən donaraq öldülər; Ağdama çata bilənlərin ifadələrinə görə bəziləri Pircamal və Naxçıvanik kəndlərində əsir götürüldülər. Dəyişdirilən Xocalı sakinlərinin ifadələrinə görə əsir götürülənlərin bəziləri qətlə yetirildi.[1]

Qaçqınların öldürüldüyü yer, həmçinin öldürülənlərin meyitləri Azərbaycan bölmələri cəsədləri helikopterlə Ağdama aparmaq üçün əməliyyat keçirərkən video çəkilişə alınmışdır. Lentə alınan kadrlardan görünür ki, öldürülənlərin cəsədləri geniş məkana səpələnmişdir. Qətliam yerində filmə alınan cəsədlərin böyük əksəriyyətini qadın və yaşlıların cəsədləri təşkil edirdi, öldürülənlərin arasında uşaqlar da var idi. Eyni zamanda, öldürülənlərin arasında formada olanlar da var idi. Videoda ümumilikdə onlarla cəsəd göstərilirdi.[1] Ehtimal etmək olar ki, relyefin çətinliyi və əksər insanların fiziki qabiliyyətləri nəzərə alınaraq, qaçqınlar təxminən yeddi və ya səkkiz saata Xocalıdan qətliam yerinə çata bilmişlər (“azad dəhliz”ə paralel yol boyunca hərəkət iki saat çəkir). Beləliklə qaçqınlar sübh tezdən atəşə məruz qalmışlar.

Dörd gün ərzində Ağdama təxminən 200 cəsəd gətirildi. Onlarla cəsədin üzərində dəyişiklik əlamətləri var idi. Ağdamda tibbi qatarda işləyən həkimlər azı dörd baş dərisi soyulmuş və bir başı kəsilmiş cəsəd qeydə almışdır.[1] Ağdamda 181 meyitin (130 kişi, 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizası aparılmışdır; ekspertlərin gəldiyi nəticələrə görə 151 nəfər güllə yarasından, 20 nəfər mərmi yaralarından, 10 nəfər isə küt alətlə zərbədən ölmüşdür. Bundan başqa, Xocalı rayonundan gətirilmiş bir neçə meyit üzərində də məhkəmə-tibbi ekspertiza keçirilmişdir. “DQR” rəsmiləri “Memorial” müşahidəçilərinə “120–130 cəsədin onların razılığı ilə Ağdama” gətirildiyini bildirmişdir. 96 meyit Ağdamda dəfn olundu. Digərlərinin meyitləri qohumlarına çatdırıldı.[1]

“DQR” rəsmiləri və Ermənistan silahlı dəstələrinin üzvləri “azad dəhliz”də mülki əhalinin öldürülməsini hərəkət edən qaçqınların arasında erməni postlarına atəş edən və cavab atəşini məcbur edən silahlı şəxslərin olması və həmçinin Azərbaycan qüvvələrinin əsas hissəsinin müdaxilə cəhdləri ilə izah etmişdir. Ermənistan silahlı dəstələrinin sözlərinə görə Azərbaycan bölmələri Ağdamdan “azad dəhliz” istiqamətində silahlı müdaxiləyə cəhd etmişdir. Erməni postları hücumu dəf edərkən, Xocalıdan birinci qrup qaçqınlar yaxınlaşdı. Qaçqınların arasında olan silahlı şəxslər erməni postlarına atəş açdılar. Döyüş zamanı bir post dağıdıldı (iki nəfər öldürüldü və 10 nəfər yaralandı), lakin azərbaycanlıların bilmədiyi digər post Xocalıdan gələn insanlara yaxın məsafədən atəş altına aldılar.[1]

Xocalı qaçqınları verdiyi ifadələrində (o cümlədən mətbuatda çap olunmuş) qaçqınlar axınında olan silahlı şəxslərin erməni postları ilə atışma apardıqlarını, lakin hər dəfə atışmanı başlayan tərəfin erməni olduğunu söylədilər. Həmçinin 2-ci yol ilə gedən və Əsgəranı özlərindən sağ tərəfdə saxlayan qaçqın qrupları da atəşə məruz qalmışdı. Ağdam şəhərindəki tibb vaqonunun demək olar ki, Xocalının bütün qurban və müdafiəçilərinin əks olunduğu jurnalında 598 yaralı və donvurma qurbanları (sonuncu qrup üstünlük təşkil edirdi) qeydə alınmışdı.[23] Canlı vəziyyətdə baş dərisinin soyulması halı da burada əks olunmuşdur.[23]

Xocalıda ölən şəxslərin ümumi sayını qiymətləndirərkən insanların yalnız qaçqınların güllələnməsi nəticəsində deyil (bu cür öldürülən insanların cəsədlərinin bir hissəsi Ağdama gətirilmişdir), həmçinin dağlarda hərəkət zamanı donvurma səbəbindən ölməsi faktı da nəzərə alınmalıdır.[23] “Memorial” müşahidəçiləri üç uşağını bu yolla itirmiş bir qadınla söhbət etmişdir. Xocalının donvurma nəticəsində ölmüş sakinlərinin dəqiq sayını müəyyən etmək mümkün olmamışdır.[23] “Qarabağ” qəzetinin 26.03.1992-ci il tarixli buraxılışında verilən məlumata görə Xocalı qaçqınlarına yardım komissiyası 476 şəhid ailəsinə yardım etmişdir.[1]

  • Rusiyalı jurnalist və fotoqraf Viktoriya İvleva tərəfindən 1992-ci ilin fevralında Xocalıda çəkilmiş fotoşəkillər
1992
1992

Mədəni-Niyyət qəzeti “Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir