Naxçıvan TV 130 minimizi vermir..
“Şirkətimiz ötən ilin yanvarında Naxçıvan TV üçün 3 studiyanın dizayn tərtibatı, istehsalı təklifini alıb və onu hazırlayaraq noyabrda təhvil verib. Lakin bu günə qədər televiziya tərəfindən bizə ödənməli olan 130 543,40 manat pul hələ də verilməyib.
Təklifi aldıqdan sonra televiziyanın rəhbərliyi ilə bir neçə görüş və müzakirələr olub, dizaynların hazırlanmasına başlanılıb. Daha sonra bu iş üzrə 109002 saylı studiya avadanlıqlarının və dekorasiyaların satın alınması müsabiqəsi elan olundu. Bizdə göstəricilərlə bağlı bir balaca problem olduğu üçün tenderi başqa bir şirkət – “TAHMAZOV COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti qazansa da, işlərin icrasını biz həyata keçirdik. Çünki ilk görüş bizimlə olub, bizim şirkəti tanıyıb dəvət ediblər, görüşlərdə də şəxsən özüm iştirak etmişəm. Bağlanmış müqavilə üzrə işlərin icrasına başlanıldı. Rəhbərlik dəyişdirildiyinə görə studiyaların dekorasiyalarının dizayn və quruluşlarına sifarişçi tərəfindən dəyişikliklər edilib. Bunlar heç bir ödəniş alınmadan, bütün xərclər şirkətimiz tərəfindən qarşılanaraq həyata keçirilib. O cümlədən, televiziyanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisində kuratoru olan Günay Malikqızı və televiziyanın sədr müavini Xaliq Babayev tərəfindən bizdən şifahi tələb olunub və buna görə əvvəlcədən hazırlanmış dizayn və eskizlər yenidən işlənilib hazırlanıb. Bu səbəbdən də dekorasiyalara aid olan şərtlər toplusu dəyişib və bunun rəsmiləşdirilməsinin lazım olmağı barədə heç bir xəbərdarlıq olunmayıb”.
Şikayətçi “Depo Production” MMC-nin əməkdaşı, dizayner Emil Mirzəyev iddia edir ki, televiziyanın sədr müavinləri İlhamə Novruzova və Xaliq Babayev dəyişdirilmiş şərtlər toplusunu qəbul etməkdən boyun qaçırır: “Bu vəziyyətlə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasında, Günay Malikqızının qəbul otağında olarkən dəyişikliklərin bu çətinliyi yaratdığını xatırladanda bizə verdiyi cavab belə oldu: “Etməzdiniz”. Halbuki müqaviləyə əsasən, hər hansı səbəbdən zərurət yaranarsa, müqavilədə qeydə alınmış bəndlər üzərində dəyişikliklər etmək mümkündür”.
Mədəni-Niyyət qəzeti “Yenideyer.az”
