Yüngül yanaşdığımız AĞIR XƏSTƏLİK: “Depressiya vaxtında müalicə olunmasa…”
Günümüzdə depressiyadan əziyyət çəkən insanların sayı, xüsusilə yaz aylarında getdikcə artmaqdadır. Kimisi bu vəziyyətdən öz gücü ilə çıxmağa çalışır, kimisi də çıxış yolunu antidepresant dərmanların istifadəsində görür.
Bəs, psixi pozuntu hesab olunan depressiya öz-özünə keçirmi, yoxsa müalicə mütləqdir? İnsanları düşündürən əsas suallardan biri də budur: müalicə psixoloq tərəfindən aparılmalıdır, yoxsa psixiatr?
Azərbaycan Psixiatriya Assosiasiyasının üzvü, klinik psixoloq Ülviyyə Murtuzova Yenicag.az-a açıqlamasında depressiyanın ağır psixi xəstəlik olduğunu bildirib:
“Depressiya ciddi və ağır psixi xəstəlikdir. Xəstəliyin yaranma səbəbi bir neçə amillə bağlıdır: əhval-ruhiyyənin enməsi, maraq və zövq dairəsinin yox olması, həyatdan qopma, cəmiyyətdən təcrid olunma və özünəyadlaşma fonunda insanın emosional dayanıqlığının getdikcə itməsi…
Depressiya nevroloji xəstəlik deyil, onun müayinə və müalicəsi peşəkar psixiatrlar tərəfindən aparılmalıdır. Çünki burada həm dərman preparatları, həm də paralel olaraq psixoterapiya mütləqdir. Hər iki proses bir-birini tamamlamasa, müalicənin uğurlu nəticəsindən söhbət gedə bilməz. Depressiyanın bir neçə növü var: ağır, orta, gizli (maskalanmış) və major tipli depressiya… Nəticənin uğurlu olması üçün onları bir-birindən dəqiq fərqləndirmək lazımdır”.
Bəzi insanlara elə gəlir ki, qarşılaşdıqları hər çətin durum və ruh düşkünlüyü depressiya əlamətidir. Psixoloq bunun yanlış düşüncə olduğunu vurğulayıb:
“Düşdüyümüz hər çətin vəziyyətə uyğun davranış, eləcə də doğmaların itkisindən sonra yaşanan kədərli və qüssəli hal depressiya deyil. Ruh düşkünlüyü də depressiya sayılmır. Xəstəliyin dəqiq diaqnozunun qoyulması və ardınca müalicənin aparılması mütləqdir. Müalicə mütləq peşəkar həkim tərəfindən idarə olunmalıdır. Çünki xəstəlik zamanı istifadə olunan psixotrop dərman dozalarının artıq verilməsi insanı intihara qədər sürükləyə bilər. Eləcə də dozanın aşağı həddə olması insanı düşdüyü vəziyyətdən də ağır duruma sala bilər. ‘Qızıl orta’ tənzimlənməlidir.
Müalicə, qeyd etdiyim kimi, psixiatr və həkim-psixoterapevtlər tərəfindən aparılmalıdır. Psixoloqların diaqnoz qoymaq səlahiyyəti yoxdur; onlar bunu sadəcə müşahidə və hiss edə bilərlər. Diaqnoz psixiatr tərəfindən qoyulur və onların göstərişi əsasında psixoloq sadəcə terapevtik seanslar və konsultasiyalar keçirir”.
“İnsanlarda depressiya hallarının artması düzgün mütəxəssisə müraciət etməməyin nəticəsidir. Xəstəliyə bəsit yanaşılması və onun önəmli psixi xəstəlik sayılmaması vəziyyəti daha da ağırlaşdırır”, – deyən Ü. Murtuzova həyəcan təbili də çalıb:
“Psixi xəstəliklər və psixoloji pozuntular vaxtında müalicə olunmasa, ağlımıza gətirmədiyimiz qədər təhlükəli fəsadlar yarada bilər. Buna görə də vaxtında peşəkar mütəxəssislərə müraciət olunmalıdır”
Cəvahir yenicag.az
Mədəni-Niyyət qəzeti “Yenideyer.az”
