Dahi, müdrik və qəhrəman ŞAH İSMAYIL XƏTAİ…

Maraqlı Məlumatlar. Hacı Soltan Əlizadə yazır

Dahi, müdrik və qəhrəman ŞAH İSMAYIL XƏTAİ…
Şah İsmayıl Xətainin uşaqlıq illəri
Əzizağa Məmmədovun 1961-ci ildə Bakıda “Uşaqgəncnəşr” nəşriyyatında çap olunmuş kitabında qeyd olunur ki, Şah İsmayıl Xətai 1486-cı il iyunun 23-də Ərdəbil şəhərində anadan olmuşdur.
Mirzə Abbaslı “Şah İsmayıl Xətainin ömür yolu miniatürlərdə” adlı kitabında yazırdı: “Şah İsmayıl Xətai öz mənşəyi etibarı ilə ən köklü azərbaycanlı ailəsindəndir. Ərdəbilin şəhəryanı kəndlərindən olan Kəhralanda (Kəlkoran) Şah İsmayılın iyirmi beşinci babası Əbdülqasim Həmzənin və on altıncı babası Qızılbörk (Zəringülah) Firuzun qəbirləri bu gün də yerli əhalinin ziyarətgahıdır”.
Axund Hacı Sultan Hüseynqulu oğlunun “Xətaişünaslığa hədiyyə” adlı kitabının 417-ci səhifəsində Seyidağa Onullahinin “Alimin cavabı” məqaləsində qeyd olunur: “Şah İsmayıl 1487-ci il iyulun 17-də anadan olmuşdur. Bu haqda mübahisə etməyə dəyməz.
Atası Soltan Şeyx Heydər öldürülərkən Şah İsmayılın iki yaşı yox, bir yaşı olubdu. Çünki Şah İsmayıl 1487-ci il iyulun 17-də anadan olmuşdur, Soltan Şeyx Heydər isə 1488-ci ilin iyul ayında öldürülmüşdür.”
1988-ci ildə “Elm” nəşriyyatında çap olunmuş “Şah İsmayıl Xətai. Məqalələr toplusu” kitabının 235-ci səhifəsində qeyd edilir ki, Şah İsmayıl 1487-ci il iyul ayının 17-də doğulub.
Şah İsmayıl Xətai haqqında kitablarda bildirilir ki, atadan yetim qalan İsmayıl ailəsi ilə birlikdə uzun müddət atasının düşmənləri tərəfindən təqib olunub. Lakin atasının sadiq tərəfdaşları onu qoruyub.
Əzizağa Məmmədov yazır: “…Qızılbaş süvarilərinin mənəvi nüfuzu və gələcək fəaliyyətindən daima ehtiyat edən Ağqoyunlu hökmdarı Sultan Yəqub öz bacısı Aləmşahbəyimi üç oğlu ilə birlikdə 1488-ci ildə İstərxi-fars qalasında həbs etdirdi.
1490-cı ildə Sultan Yəqubun ölümündən sonra hakimiyyət uğrunda Ağqoyunlu varislərin arasında yenidən ciddi mübarizə başladı. Varislər arasında iki il sürən ölüm-dirim mübarizəsindən sonra Rüstəm Mirzə (1492-1497) Ağqoyunlu dövlətinin hökmdarı oldu. O, hakimiyyətinin ilk çağlarında Səfəvilərin mənəvi qüvvəsindən istifadə etməyə başladı. Bu məqsədlə 1492-ci ildə Şeyx Heydərin oğlanlarını həbsdən azad edərək, Sultanəlini Ərdəbilə hakim təyin etdi. Lakin az sonra Rüstəm Mirzə də Səfəvilərin gələcək siyasi fəaliyyətlərindən ehtiyat etdiyi üçün Sultanəliyə qarşı Ərdəbilə dörd min atlı göndərdi. Sultanəlinin isə tərəfdarlarının sayı yeddi yüzdən artıq deyildi. 1493-cü ildə baş verən bu vuruşda Sultanəli öldürüldü.
Bütün baş verən siyasi mübarizələrdən qorunmaq üçün Şeyx Heydərin tərəfdarları İsmayıl ilə kiçik qardaşı İbrahimi Gilan hakimi Şərif Həsənxanın yanında gizlin saxladılar. İsmayıl Gilanda atasının sədaqətli tərəfdarlarından təlim və tərbiyə alaraq, onlardan qızılbaşlıq məsləkinin qayda və qanunlarını öyrənirdi. Burada onun tərbiyəsi ilə atasının ən yaxşı adamlarından Lələ Hüseyn bəy məşğul olurdu.

Ağqoyunlu hökmdarı İsmayılın qaytarılmasını dəfələrlə tələb edir. Lakin Şərif Həsənxan İsmayılın öz yanında olmadığına and içir və onu sıx bir meşədə, yüksək ağaclar arasında qurulan bir çadırda gizlin saxlayır.
Beləliklə, Ağqoyunlu hökmdarı, İsmayılın Gilan torpaqlarında olmadığına əmin edilmişdi”.
Hörmətli oxucular! Şah İsmayıl Xətainin həyatının ibrətli məqamları haqqında yazmazdan öncə akademik Fuad Qasımzadənin (o, həmin vaxt AMEA-nın müxbir üzvü idi) Axund Hacı Kərbalayi Soltan Hüseynqulu oğlunun 1997-ci ildə nəşr olunmuş “Şah İsmayıl Xətai (Xronoloji-tarixi məlumatlar)” kitabına yazdığı ön sözü sizə təqdim etməyi vacib saydım. Çünki bu ön söz əslində Şah İsmayıl Xətai şəxsiyyətinin akademik təhlili kimi qəbul olunmalıdır. Ön söz “Siyasət, sənət və elm müsəxxiri” başlığı ilə verilib.
Siyasət, sənət və elm müsəxxiri
“500 illiyini böyük fəxr və qürurla qeyd etdiyimiz dahi Füzuli deyirdi ki, iki aləm: həm şeir (sənət), həm də elm aləmini müsəxxər eyləmək çətindir, çox çətindir. Amma özü bu müşkül işi, çətin işi böyük şərəflə yerinə yetirdi: həm dahi şair, həm də görkəmli alim kimi, mütəfəkkir kimi tanınırdı. Elmsiz şeiri əsassız divara bənzədən Füzuli dünya poeziyasının incilərini sapa düzdü, özü də elmlə, biliklə, hikmətlə, fəlsəfə ilə dolu olan poeziyanı. Əsası çox möhkəm olan divar qurdu. Heç vaxt yıxılmayan, daim əbədi qalan, cavidan bir divar.
Bəli, dahi söz ustası iki dünyanın fəth edilməsinin çətin olduğunu söyləyirdi. Bəs fəth olunan dünya üç olsa? Siyasət, sənət (şeir) və elm, aləmindən ibarət olsa, necə? Bunu Şah İsmayıl Xətai yerinə yetirdi. Ədalətli şah, dahi siyasi xadim, sərkərdə kimi dünya şöhrəti qazanmış Şah İsmayıl, həm də dahi söz ustası oldu, böyük alim oldu. “Xətai” təxəllüsü ilə şöhrət tapmış mütəfəkkir şair, alim şair kimi də tanındı.
1996-cı il iyul ayının 2-ci yarısı idi. Bakıda istidən nəfəs almaq olmurdu. Rəsmən məzuniyyətdə olsam da, dərs dediyim ali məktəblərə, Elmlər Akademiyasına və çağırılan yerlərə gedir, müəyyən işlər görürdüm. Bir gün Buzovnada yaşayan qohumlarımdan sənət adamı Hacı Mirzə mənə zəng edib dedi ki, Fuad müəllim, xeyir bir iş var, sizi görmək istəyirik.
Buzovna axundu Hacı Soltan Şah İsmayıl haqqında kitab yazıb. Sizin fikrinizi, rəyinizi bilmək bizim üçün çox faydalı olardı. Razılığa gəldik ki, ertəsi gün saat 11-də “Təfəkkür” Universitetində görüşək. Elə də oldu. Mənə təxminən 400 makina səhifəsindən ibarət olan yazı verildi. Dedim ki, mənə 1 həftə, ən uzağı 10 gün vaxt verin, oxuyub fikrimi bildirərəm. Xoşuma gəlsə, xeyir-duanı müsbət rəy şəklində rəsmən bildirərəm. Lap çox xoşuma gəlsə, istəsəniz, kitaba giriş (ön söz) də yazaram. Yox iradlarım, tənqidi qeydlərim olsa, yəqin ki, işlərsiniz.
Kitab çox xoşuma gəldi. Həm Şah İsmayıla olan maraq və məhəbbətim, klassik irsimizə dərin hörmət, həm də toplanmış məlumatların faydalı olması öz işini gördü. Qərara aldım ki, kitaba giriş (ön söz) də yazım. Elə də etdim.
Əziz oxucular! Lütfən xahiş edirəm ki, sizlərə təqdim olunan ön sözü mənim rəyim kimi də qəbul edəsiniz.
Beş əsrdir ki, Şah İsmayıl Xətai haqqında yazırlar, deyirlər. Özü də böyük ərazidə: doğma Azərbaycanda, qonşu ölkələr olan İranda, Türkiyədə, Uzaq Qərbdə – Avropa ölkələrində və daha neçə-neçə yerlərdə. Müxtəlif xalqların dilində. Deyilmişlərdən bəzilərini qeyd edək:
İlk məlumatı Şah İsmayılın öz oğlu Sam Mirzə (1517-1567) verib. Bəs ondan sonra? Sadalamaqla qurtarmaz. Ən vaciblərini qısaca da olsa, xronoloji qaydada yada salaq:
Azərbaycan tarixçisi Həsən bəy Rumlu (1530-?), yenə də Azərbaycan (Səfəvi) tarixçisi İsgəndər Münşi (1560-1634), türk alimi Katib Çələbi (1608-1657), böyük alim, yazıçı və mütəfəkkir olan ilk maarifçimiz A.A.Bakıxanov (1794-1846), İran şairi, alim və dövlət xadimi Rzaquluxan Hidayət (1800-1871), böyük maarifçi şairimiz Seyid Əzim Şirvani (1835-1888), türk yazıçısı, leksikoqraf Şəmsəddin Sami (1850-1904), Cənubi Azərbaycan alimi Məmmədəli Tərbiyət (1875-1940), Qərbi Avropa alimlərindən: Avstriya şərqşünası Hammer Purquştam (1774-1856), ingilis şərqşünasları: Gibb (1858-1904) və E.Braun (1862-1926), görkəmli türk alimi Fuad Köprülü (1890-1966) və başqaları.
Azərbaycan alimlərindən: Salman Mümtaz, Həmid Araslı, Əzizağa Məmmədov, hazırda bizimlə çağdaş olan və yazıb-yaradan R.Azadə, Ə.Səfərli, Səfəvilər dövləti haqqında qiymətli tədqiqatları olan O.Əfəndiyev və daha neçə-neçə digər müəlliflər (mən hələ bədii əsərləri demirəm).
Dünyanın neçə-neçə böyük dühaları, görkəmli tarixi şəxsiyyətləri Şah İsmayılın adını çəkmiş, çox yüksək qiymətləndirmişlər.
Lakin çox təəssüf ki, Şah İsmayıl Xətaidən bəhs edən müəlliflərimizdən heç biri böyük ingilis filosofu Frensis Bekonun da Şah İsmayıl haqqında qiymətli sözləri olduğunu deməmişlər. O, 1597-ci ildə nəşr olunmuş “Mənəvi və siyasi təcrübələr və öyüdlər” adlı əsərinin “Gözəllik haqqında” adlanan paraqrafında yazır ki, “İran şahı İsmayıl ülvi və müəzzəm ruha malik idi və öz zəmanəsinin ən gözəl adamlarından olmuşdur”.
Yenə də həmin əsərin “Şərəf və şöhrət haqqında” hissəsində isə deyir ki, mən yüksək hakimiyyətə malik olan adamları şöhrət pilləkanında bu qaydada düzərdim: birinci yerdə dövlətlərin və birliklərin Romul, Kir, Sezar, Osman, İsmayıl kimi baniləri.
Pak və ülvi şəxsiyyət, əsl qüdsi xarakterinə malik olan böyük alim, yazıçı və mütəfəkkir, ilk maarifçimiz A.Bakıxanov (Qüdsi) “Gülüstani-İrəm”də yazır ki, Şərq yazıçıları Şah İsmayılı dostlarını nurlandıran, düşmənlərini isə yaxıb-yandıran günəşə bənzədirdilər. O özünün yaratdığı böyük dövlətin işləri ilə məşğul olmaqdan başqa, digər elmlərlə də məşğul olur, üləmalarla görüşür və Xətai təxəllüsü ilə xalq arasında indi də yaşayan əsərlər yazır.
Şah İsmayıl Xətai haqqında sanballı tədqiqatları olan Əzizağa Məmmədov üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin 1-ci cildində Xətaidən bəhs edən hissədə yazır ki, XIX əsrin əvvələrindən başlayaraq Qərbi Avropa şərqşünasları Xətaidən danışır və bu sahədə az-çox iş görmüş alimlər sırasında Hammerin, Şarl Payonun, Gibbin, E.Braunun və F.Babinferin adlarını çəkir.
Görkəmli ədəbiyyatşünaslarımızdan biri Şah İsmayılın yüksək hərbi istedadından danışarkən Marksdan iqtibas gətirir. Amma təəssüf ki, Marks bunu heç də müsbət mənada deməmişdir. Özü də onun fikri əsərlərinə daxil olmamışdır. Marks və Engelsin arxivində işğalçılığa aid olan qeydlər sırasında Şah İsmayılın adı çəkilir ki, o, 14 il ərzində on dörd əyaləti fəth edib. Elə bu qeyd totalitar rejim və marksist ideologiyasının tam hakim olduğu çağlarda kifayət idi ki, bir sıra tədqiqatçılar Şah İsmayılı pisləsinlər və ya üstündən keçsinlər, qeyd etməsinlər.
Bəzi tədqiqatlarda bu istinadın özü də düz göstərilməmişdir. 1966-cı ildə Bakıda rus dilində nəşr olunmuş “Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər”də Şah İsmayılın işğalçılığını göstərmək məqsədi ilə Marksın bu müddəası iqtibas olunur və yeri də düz göstərilmir. Aşağıda qeyd olunur ki, bu fikir Marks və Engelsin əsərlərinin 21-ci cildinin 285-ci səhifəsindən götürülüb. Əslində isə həmin yerdə belə fikir yoxdur. Cildin heç bir yerində də yoxdur. Dediyim kimi, heç külliyyatda da yoxdur. Yalnız Marks və Engelsin arxivindədir.
Marks və Engelsin arxivində Şah İsmayılın “işğalçı” olduğu, 14 dövləti zəbt etdiyi barədə qeyd vardır.
Totalitar rejim və hər şeyin marksizm ideologiyasına tabe edildiyi vaxtlarda elə bu qeyd kifayət idi ki, Şah İsmayıl “işğalçı hökmdar” kimi pislənsin və ya ən yaxşı halda tədqiqatçılarımızın müvafiq yazılarında qeyd olunmasın, onun adının üstündən keçilsin.
Həqiqətən də, ədəbiyyat tarixçilərimiz onu “Xətai” təxəllüslü şair kimi təqdim edir. O, ədəbiyyat dərsliklərimizdə doğma Azərbaycan dilində yazan lirik bir şair kimi qeyd olunur, öyrənilirdisə, bir sıra tarixi və siyasi məzmunlu yazılarda “işğalçı” kimi, şah kimi, hökmdar kimi pislənirdi. Məgər “işğalçılıq”, müharibələr aparmaq hər hansı bir hökmdarı yalnız pisləmək üçün, onun barəsində birtərəfli söz söyləmək üçün əsasdırmı? Əlbəttə, yox. Əvvəla, ona görə ki, müharibələri müdafiə məqsədi ilə də aparmaq olar, yəni ədalətli müharibə. İkincisi, “işğalçılığın” özünə də siyasi mənafe, “sinfilik”, uydurma “partiyalılıq” mövqeyindən yanaşmaq olar və bu barədə nümunələr də az deyil.
Üçüncüsü, “işğalçı” hökmdarın kim olduğuna, nələr etdiyinə, tarixdə nə kimi rol oynadığına da gərək fikir verilsin.
İkinci dünya müharibəsinin banisi, on milyonlarla günahsız adamın ölümünə, milyonların şikəst olmasına, neçə-neçə ölkənin dağılmasına səbəbkar olan, yaxud məgər tarixdə qan içməkdən doymayan azmı işğalçı hökmdarlar olmuşdur? Əksəriyyəti, məhz işğalçı hökmdarlar olmuşdur? Əksəriyyəti məhz işğalçı olmuş, bununla belə tarixdə mühüm yer tutmuş, şöhrətlənmişlər və onları öz xalqları heç də pisləmir. Şərqdə Çingiz, Batı, Teymur öz geniş işğalçılıqları, böyük dövlət yaratmaqları ilə tanınmamışlarmı? Avropada ən böyük işğalçılardan biri kimi tanınmış Napoleon bütün dünyada məşhur deyilmi? Fransızlar Parisə gələn qonaqlara ondan fərəhlə danışır, qəbrini qürurla göstərirlər.
Rusiyanın özündə işğalçı hökmdarların adı böyük bir qürurla çəkilir. İvan Qroznı Qazan və Həştərxan xanlıqlarını, Sibirin bir çox torpaqlarını tutmadımı? I Pyotr azmı yerləri işğal etdi? I Aleksandr Gürcüstanı, Azərbaycanı, Finlandiyanı, Bessarabiyanı, Varşava Hersoqluğunu tutdu. Eləcə də digər Rusiya çarları. Amma onlar heç də pislənmir, fəxr və qürurla yad edilirlər.
Qəribədir. Rusiya Qafqazı, o cümlədən Zaqafqaziyanı da, Orta Asiyanı, Sibiri, Volqa boyunu və neçə-neçə digər yerləri tutmuş, işğal etmiş, böyük imperiya yaratmış, zəbt etdiyi yerləri müstəmləkəyə çevirmiş, biz isə marksizm ideologiyasından, proletar diktaturası, “sinfilik”, “partiyalılıq”, “sovet siyasəti” baxımından çıxış edərək əvvəlcə bu yerlərin “ilhaqından”, Rusiya isə “Rusiya tərkibinə daxil olmasından” fərəh və razılıqla, minnətdarlıqla danışırıq. Əcaba, tarixin hökmünə, taleyin hökmünə bir bax.
Amma Şah İsmayıl sənin öz doğma övladın olsa da, sənin üçün ilk güclü Azərbaycan dövləti yaratsa da, təriflənə bilməzdi.
Ayrı-ayrı şəxsi keyfiyyətlərindən asılı olmayaraq Makedoniyalı İskəndər ilə yunanların, Sezar ilə italyanların, Çingiz ilə monqolların, Teymur ilə özbəklərin, II Mehmet (Fatih), Sultan Səlim (Yavuz) və I Süleyman (Qanuni) ilə türklərin, İvan Qroznı və I Pyotr ilə rusların, Napoleon ilə fransızların fəxr etməyə haqqı var. Bu siyahını artırmaq da olar…
Biz azərbaycanlıların da Şah İsmayıl ilə fəxr etməyə, öyünməyə haqqımız var. Böyük şəxsiyyətdir. Dünyaşöhrətli siyasi xadim, dövlət başçısı və sərkərdə, böyük şair və görkəmli alimdir.
İşğalçılığına və ya bəzi sərt hərəkətlərinə görə onu birtərəfli pisləmək düzgün olmazdı. Kim səhv etmir ki? Səhv etməyən yalnız və yalnız Allahın özüdür.
Tarixi şəxsiyyətlərə qiymət verərkən onların bütün fəaliyyətini nəzərdən keçirmək, oynadığı rolu, əhəmiyyətini, gördüyü işlərin miqyasını, nəticələrini və s. nəzərə almaq bir sözlə, hərtərəfli hərəkət etmək lazımdır.
Mən bəzi dövlət başçılarının tarixdə etdikləri amansız hərəkətlərə, xüsusən kütləvi qırğınlara, dinc əhaliyə tutduqları divana haqq qazandırmaq istəmirəm. Belələri pislənməlidir. Özü də lap amansızcasına və qətiyyətlə.
Amma kimin, nə üçün, nə məqsədlə, hansı niyyətlə kimisə öldürməsini və törətdiyi amansız hərəkətlərin miqyasını, mahiyyətini mütləq nəzərə almaq lazımdır. Burada tarixi müqayisələr də aparmaq yerinə düşərdi. Deyək ki, Çingizin, Batının, sonralar Orta Asiya hökmdarı Teymurun, teymurilərin (məsələn, Hülakunun, Miranşahın və s.) etdikləri qırğınlar hara və ya bəzi dövlət başçılarının kimləri isə öldürməsi hara! Şah İsmayılın Şeybani barədə amansız hərəkətindən danışırlar, bəzi yerləri alarkən qırğınlara yol verdiyini yazırlar və s. Bəli, bunlar olub. Amma nə üçün, nə məqsədlə və nə kimi miqyaslarda?
İkinci dünya müharibəsinin bilavasitə səbəbkarı olan Hitler açıq-aydın deyirdi ki, günahı oldu-olmadı yahudini öldür, günahı odu-olmadı kommunisti öldür, kütləvi qırğınlar et. O, bütün Avropanı dar ağacları və düşərgələr sisteminə çevirmiş, milyon-milyon günahsız adamın vəhşicəsinə öldürüldüyü maydenekləri, osvesimləri, buhenvaldları, mautxazenləri yaratmışdı. On milyonlarla adam bu qaniçici cəlladın qurbanı oldu. O, müasir dövrün – XX əsrin bir nömrəli canisi idi. Belə qaniçənin işğalları hara, deyək ki, Şah İsmayılın vuruşları hara?
Bir də unutmayaq ki, siyasət naminə bəzi dövlət başçıları hər şeydən, hətta öz ailəsindən, doğma övladlarından, ən yaxın qohum-qardaşından da əl çəkirlər. Qədimdə Neronu, orta əsrlərdə İvan Qroznını, Türkiyəni yada salın. Şah İsmayılda belə hallar olmamışdır. Unutmayaq ki, o təkcə dövlət başçısı deyildi. Həm də incə, lirik bir şair idi. Biliklər daşıyıcısı, əsl alim idi. Bədii və elmi təfəkkürə malik olan ziyalı idi.
Kitabda verilən ən maraqlı məlumatlardan bir qismi Şah İsmayılın təxəllüs, ad və ləqəblərinə aiddir. Müəllif şairin 11 təxəllüsünü, 29 ad və ləqəbini qeyd edir. Xətai adı ilə bağlı olan toponimlərdən, xüsusi isimlərdən, müxtəlif obyektlərdən danışır. Bu yaxınlarda Nazim Hüseynov adlı gənc bir tədqiqatçının Şah İsmayılın dünyagörüşünə həsr olunmuş dissertasiya işinin rəsmi opponenti oldum. Fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün yazılmış bu işi mən bütövlükdə müsbət qiymətləndirdim. Amma məsləhətimlə işi Şah İsmayılın yox, Xətainin dünyagörüşü adlandırardı. Çünki onun fəlsəfəsi, dünyagörüşü səfərlərində deyil, yürüşlərində deyil, vuruşlarında deyil, məhz “Xətai” təxəllüsü ilə yazdığı əsərlərdə, poetik yaradıcılığındadır.
Yeri gəlmişkən, onu da deyim ki, Azərbaycan ədəbiyyatının ən görkəmli tədqiqatçılarından olmuş mərhum atam, akademik Feyzulla Qasımzadə də “Şah İsmayıl” kəlməsindən, ifadəsindən daha çox “Xətai”, “Şah Xətai” sözünü işlədirdi. Yetişdirməsi olmuş istedadlı alim Əzizağa Məmmədovla olan görüşlərində də həmişə “Şah Xətai” ifadəsini işlədirdi. Şah (padşah, sultan və b.) və ya vəzir olmuş sənət və elm adamları az olmayıb. Aristotel, Tusi, Uluqbəy, Nəvai, Vaqif, Babur…
Etiraf edək ki, onlar siyasi xadimlikdən başqa, düzünü desək, daha çox məhz sənətkar və ya alim kimi tanınmışlar.
Şah İsmayıl xalqımızın fəxridir. Onun şəxsiyyəti, gördüyü işlər, tarixi fəaliyyətləri, xüsusən qüdrətli vahid Azərbaycan Səfəvi dövlətini yaratması, qoyduğu irs hər bir azərbaycanlı üçün əziz və qiymətlidir. Və hərə öz imkanları daxilində ona olan hörmətini bildirməli, daim yad etməlidir. Bu işdə hərə öz xatirəsini verə bilər. Bəli, əgər onun haqqında tarixi, bədii roman, dissertasiyalar, məqalələr yazılmışsa, bu da xatirədir. Paytaxtımızın mərkəzi yerlərindən birində onun əzəmətli, vüqarlı heykəli qoyulub. Hər dəfə bu heykəlin yanından ötdükdə Şah İsmayılın ən əzəmətli fiquru gözlərim önündə canlanır. Heykəl çox uğurlu çıxmışdır. Əyləşmiş şah qılıncını dizlərindən yuxarı qoymuş və bir qədər əyilərək xəyala dalmış, düşünməkdədir… Beləliklə, heykəl onu həm əzəmətli dövlət başçısı, sərkərdə, həm də şair-mütəfəkkir alim kimi təsvir edir.
Bütün bunlar müstəqil, suveren Azərbaycan Respublikasının dövlətçilik ənənələrini əks etdirir, tariximizə, şanlı keçmişimizə hörmət və diqqəti bildirir, həm də gələcəyə inam bəsləməyi, vüqarlı olmağı xatırladır.
Şah İsmayıl özünün siyasi fəaliyyəti, tarixi rolu, xüsusən böyük Azərbaycan Səfəvi dövlətinin banisi, görkəmli sərkərdə, dahi şair və mütəfəkkir kimi əbədilik, cavidanlıq qazanıb. Bununla belə, qədirbilən Azərbaycan xalqı özünün bu böyük oğlunun adını rəsmi də əbədiləşdirib. Onun adına Bakıda böyük bir rayon, metro stansiyası, prospekt var, adına neçə-neçə idarə və müəssisə var, haqqında dastan qoşulub, elmi və bədii əsərlər yazılıb. Və hələ bundan sonra da yazılacaq, adını daha yeni-yeni obyektlər daşıyacaqdır.
Axund Hacı Kərbəlayi Soltanın bu kitabı da ona çox sadə, lakin ləyaqətli bir xatirədir. Bu kitab bir növ toplu kimi, təzkirə kimi görünür. Və mən bunu müsbət cəhət kimi qiymətləndirirəm.
Oxucuya hansı vasitə ilə olursa-olsun, daha çox məlumat vermək lazımdır. Kitab bilik, informasiya mənbəyidir. Nə qədər əhatəli olsa, daha yaxşıdır.
Axund Hacı Kərbəlayi Soltanın kitabında Şah İsmayıl haqqında klassiklərimizin, Avropa tədqiqatçılarının, alim və sənətkarların, çağdaşlarımız olan Anarın, Əzizə Cəfərzadənin, Tofiq Hacıyevin, Əzizağa Məmmədovun, Əlisa Nicatın, Fərman Kərimzadənin, Minayə Cavadovanın, Sabir Əliyevin və başqalarının fikirləri verilib, iqtibaslar edilib. Gərgin əmək, faydalı zəhmət hesabına topladığı məlumatları öz oxucularına çatdırır ki, bunun özü savab bir işdir.
Kitab Şah İsmayıl haqqında dolğun təsəvvür yaradır. Oxucularımıza bu böyük insan haqqında, üç mühüm sahənin: siyasətin, sənətin və elmin müsəxxiri haqqında geniş məlumatlar verir. Oxucu Şah İsmayılın elm və sənət adamlarına münasibəti, ilahi gözəllik barədə görüşləri, Vətən, əqidə, sülh, şücaət, əxlaq, qadına münasibət və s. mühüm problemlər barəsində fikirlərlə tanış olur.
Xülasə, qiymətlidir bu kitab. Maraqlıdır bu kitab. Onu oxumağı qədirbilən oxucularıma tövsiyə edir, arabir səhv taparsa, onları lütfən bağışlamağı rica edirəm.
Səfəvi dövlətini, Şah İsmayılı xatırladıqca, onlardan bəhs edən əsərləri oxuduqca və ya onunla bağlı olan abidələrə, heykəllərə, nişanələrə, xatirə yerlərinə baxdıqca çağdaş dövlətimiz – müstəqil, suveren Azərbaycan Respublikası gözümüz önündə canlanır. Öz dövlət dili, dövlət bayrağı, dövlət himni olan, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı dünya dövlətləri tərəfindən qəbul edilmiş müstəqil və suveren dövlətimiz. Odur ki, belə məsələlərdən bəhs edən, yəni dövlətçiliyimizlə, onun tarixi, ənənələri, çağdaş vəziyyəti və gələcəyi ilə bağlı olan məsələlərdən danışan əsərlərin böyük siyasi əhəmiyyəti var. Vətənpərvərlik üçün, milli mənlik qüruru üçün əhəmiyyəti var. Elə bu baxımdan mən Axund Hacı Soltanın tərtib etdiyi kitabı da əhəmiyyətli və faydalı sayıram.
Odur ki, kitabı buraxacaq nəşriyyatdan və sevimli, lütfkar oxucularımdan bəri başdan xahiş edirəm ki, mənim yazdığım bu ön sözü, həm də rəsmi rəy kimi qəbul etsinlər”.
Hörmətli oxucular! Elminə, şəxsiyyətinə böyük hörmət etdiyim və uzun illər boyu mütəmadi olaraq həmsöhbət olduğum akademik Fuad Qasımzadənin yuxarıda təqdim etdiyim rəyinin tamlığında akademik və fundamental təhlil olduğu qənaətindəyəm.
Şah İsmayıl Xətainin nəsli haqqında
O, Uzun Həsənin qız nəvəsidir.
Şah İsmayıl Xətainin nəsəbi 18 və ya 20-ci sülalədən İmam Museyi Kazimə çatır. Tarixçi alimlərin yazdığına görə, Şah İsmayıl Xətainin ulu babalarının nəsil şəcərəsi İmam Əliyə (ə.s) çatır.
Şah İsmayıl Xətainin ailəsi və övladları haqqında
Şah İsmayıl Xətai bir neçə dəfə evlənmiş, dörd oğul və beş qız atası olmuşdur. Onun həyat yoldaşlarından Taclı Bəyim, Bəhruzə xanım, Həyat və Cahan xanımın, oğlanlarından Təhmasib Mirzə, Sam Mirzə, Bəhram Mirzə, Əlqas Mirzəni, qızlarından isə Xanış, Pərixanım, Məhnbanu, Firəngiz xanım, Şah Zeynəb xanımın adlarını tarix səhifələrində oxuyuruq. Onun övladları elm və sənət xadimləri kimi tanınmışlar.
1524-cü ildə Şah İsmayıl Xətai vəfat edəndən sonra hakimiyyətə onun oğlu I Şah Təhmasib keçir. Sonrakı Səfəvi şahları aşağıdakılardır:
1. II Şah İsmayıl (1576-1578)
2. Məhəmməd Xudabəndə (1578-1587)
3. I Şah Abbas (1587-1629)
4. II Şah Səfi (1629-1642)
5. II Şah Abbas (1642-1666)
6. Şah Süleyman (1666-1694)
7. Şah Sultan Hüseyn (1694-1722)
Şah Sultan Hüseynin oğlu II Şah Təhmasib, Mirzə Səfi və II Şah Təhmasibin oğlu Şah Abbas artıq Nadir Şah Əfşarın dövrünə təsadüf edir.
Şah İsmayıl Xətai alimə, sənətkara necə dəyər verirdi?
Özü böyük şair və alim olan Şah İsmayıl Xətai hər zaman sənətkarlara, alimlərə olduqca böyük dəyər verib, onun sarayında hər zaman yüksək zəka sahiblərinin elmi, mədəni, ədəbi məclisləri və müzakirələri təşkil olunub. O, özü ərəb və fars dillərini çox gözəl bilib.
İtalyan müəlliflərin fikrincə, Şah İsmayıl Xətai “Qurani-Şərif”i əzbər bilirmiş, “Tövrat”, “İncil” və “Zəbur”u da mükəmməl öyrənmişdir.
Şah İsmayıl Xətai öz yaradıcılığında ilahi gözəllik tərənnümçüsü olmuşdur
Məhərrəm Qasımlı məqalələrinin birində yazır: “…Xətainin əsərlərinə müraciət etsək, onun bütün yaradıcılığının ilahi gözəlliyi vəsf etməsindən ibarət olduğunu görərik.”
Akademik Tofiq Hacıyev şair Xətai haqqında belə yazmışdır: “…Vətən gözəlini Xətai mənəvi tərəfdən də yüksək göstərir; bu mənəvi ucalığı əyaniləşdirmək üçün aşıq-şair öz şah sevgili “mən”ini məşuqə şəxsiyyətindən aşağı tutur. Hətta bu “aşalığa” bəzən adam heyfsilənir də. Məsələn, bu halda: Ta ayağın tozu tək qapında məskən tutmuşam; Ayağın altındakı başmaq deyil, başımdır ol; Eşigin itlərilə həmnişinəm və s. Ancaq belə qürurla “aşağılıq” daha poetikdir: Ayağın torpağını baş üstə dövlət bilmişəm”.
Şah İsmayıl Xətainin şəxsiyyəti haqqında yazılanlardan qeydlər
“Əlahəzrət özünün həyatı və şahlıq illərində öz təbəələri və rəiyyətlə ədalətlə, mərhəmətlə rəftar edərdi. Onun qorxusu qarşısında heç kəs əhalinin sıxışdırılması darvazasını aça bilmirdi. O, 38 il yaşadı, 24 il hökmdar oldu. O, döyüş meydanında şirə bənzəyirdi, qılınc oynadırdı, təntənəli məclislərdə mirvari yağdıran bulud idi. O, səxavətinin çoxluğu üzündən yüksək əyarlı qızılla adi daş arasında fərq görmürdü. Dünyanın bütün sərvətləri onun bir günlük bəxşişinə çatmazdı. Buna görə də belə hökmdarın xəzinəsi adətən boş olurdu. O, ovu ehtirasla sevirdi. Onun əmrilə şiri izləyənlər yəhərli, pələng izləyənlər isə yəhərsiz at alırdılar. Əlahəzrət elm və maarif xadimlərinə hər cür hamilik göstərirdi. O, gözəl şeirlər yazırdı. Hökmdarın türk və fars dillərində şeirlər divanı vardır. Həmin dövr şairlərinin çoxu onun şərəfinə xeyli qəsidə həsr etmişlər.
Hər hansı bir ölkəyə yürüş edəndə, müharibələrdə şəhərləri, kəndləri alanda, dinc əhaliyə toxunmaz, yurdları viran etməz, qocalara, qadınlara, körpələrə aman verər, əqidəsində puç olanları, hətta üləma da olsa belə ölümlə cəzalandırardı…”
Katerino Zeno onun şəxsiyyəti haqqında belə yazıb: “O olduqca gözəl idi… Bilmirəm, onun gözündə nə var. Hər nə vardısa, ondan nəsə böyüklük nuru yayılır və bildirirdi ki, o, günlərin bir günü böyük padşah olacaqdır”.
İ.P.Petruşevski yazıb: “Onun saçları kürən idi. O, qızılbaşların qaydası üzrə bığ saxlayır, saqqalını isə qırxırdı. Solaxay idi. Hələ gənc yaşlarından öz igidliyi və cəsurluğu ilə hamını təəccübləndirirdi. Bütün əyanlarından güclü idi”.
Şah İsmayıl Xətai “Biz rüşvəti dara çəkməliyik, rüşvəti!” ifadəsini nə zaman işlədib?
Fərman Kərimzadə “Çaldıran döyüşü” əsərində bu haqda yazıb: “…Şah məclisi xüsusi məşvərətə yığılmışdı. Bağdad üzərinə yerimək məsələsi müzakirə olunacaqdı. Əyanların – ölkənin dirəklərinin məsləhəti həmişə Şah İsmayıl üçün ehtiyaca çevrilmişdir.
Şiraz şəhərinin bütün fəsillərində də ətir saçan qızılgüllərin rayihəsi indi heç kimi maraqlandırmırdı. Şah İsmayıl taxtda oturmamışdı. Ayaq üstündə gəzinirdi. Onun qalxmağı isə ayağa duran əyanları oturmağa məcbur elədi.
– Oturun, yüz ölçüb bir biçin. Biz Bağdada getməliyik, ya yox?!
O, üzünü keçən il ölkənin qazisi və sədri (dini işləri idarə edən yüksək rütbəli şəxs – V.M.Abbasov) seçilən Qazı Məhəmməd Kaşiyə tutub onu dinləmək istədi.
Şah İsmayılı hakimiyyətə onun əmirləri gətirsə də, ölkənin hər tərəfindən yüksək vəzifəyə tanınmış, bilikli adamları təyin edirdi. O istəyirdi ki, xalq özünün dövlətini görsün. Qazı Məhəmməd Kaşi də belə bir yolla saraya gəlib çıxmış, din və ədliyyə işləri ona həvalə edilmişdi. Həmişə birinci onun fikrini dinləmək adət idi. Xeyir-dua vermək onun payına düşürdü.
– Qazı Məhəmməd Kaşi, həmişəki kimi sənin fikrini dinləmək istəyirəm.
Qazı Məhəmməd uzun saqqalını rəhil üstündə ağartmışdı. Qalın, pırpız qaşları altından xırda gözləri ancaq görünürdü. O qalxdı. Bayaqdan fikri gənc şahda idi və onun yerişində, duruşunda bir əsəbilik duyur, bunun səbəbini ayırd edə bilmirdi. Qoca qazı qalxdı, ağ əllərini ağ saqqalına çəkib salavat çevirdi.
– Bismillahir-rəhmanir-rəhim, Peyğəmbər salavatullah…
Şah onun sözünü kəsdi.
– Qazı, hədis eşitməyə vaxtım yoxdur, fikrini birbaşa desən yaxşıdı…
– Baş üstə, hökmdar. O gün dəstə-dəstə Xorasandan Müslümün balaları kimi axışıb gələn biçarələri gördüm. Gözlərimin yaşını saxlaya bilmədim. Bizim şiə qardaşımızı, şiə həmvətənlərimizi Şeybani xan bu günə salıb. Bağdadda isə hələ ki, belə narahatlıq yoxdu. Mənim fikrimi bilmək istəyirsinizsə, onda qoşunun üzünü Xorasana çevirib, müqəddəs İmam qəbrini vəhşilərin əlindən almalıyıq.
Şah İsmayıl onun səsini kəsdi:
– Demək, Bağdada getməyi məsləhət bilmirsən?
– Yox.
– Əyləş.
Şah İsmayıl keçib taxtda oturdu. Ayaqlarını yığıb elə taxtdaca bardaş qurdu. Əllərini dizlərinin üstünə qoydu.
– Görək əmirəlümaranın fikri nədir?
Hüseyn bəy Lələ ayağa qalxdı.
– Şah sağ olsun, bizim qoşunumuz var. Özümüz də Bağdada da yaxınıq. Amma Qazı Məhəmmədə də haqq qazandırmaq lazımdı. Şeybani çox qanlar tökür, fitnələr törədir.
Şah İsmayıl onun da sözünü kəsdi.
– Demək, Bağdada getməyi sən də istəmirsən.
– İstəmirsən, deyəndə ki, fikrimi izah etdim.
– Aydındı. Qorçubaşı əmir Dədə bəy!
Dədə bəy yaşlaşmış, saç-saqqalı ağarmışdı. Təmkinlə yerindən qalxdı.
– Hörmətli şahımız, Qazı Məhəmməd düz deyir. İndi həmvətənlərimizin qayğısına qalıb onları düşmən cəngindən qurtarmaq çox vacibdir. Murad bizim üçün heç nədi, istədiyimiz vaxt onu qova bilərik.
Şah İsmayıl taxtdan düşdü. Qalxmaq istəyən adamları yerə oturtdu.
– Qulaq asın! Mən də əvvəl elə bilirdim. Amma indi bizim ən qəddar düşmənimiz Namuraddı. Döyüş meydanından tülkü kimi qaçsa da, əli sarayımıza çatır. Çağırın dərviş Nəsir təkəlini.
Məclisə saqqalı kirli, üst-başı tökülmüş dərvişi gətirdilər. Baş əyəndən sonra qamətini düzəldib dik dayandı. Şah İsmayıl ona baxıb dedi:
– Danış, dərviş. Onların hamısını danış.
– Mən sufiyəm, həmişə də şahıma, mürşidi kamilimə sədaqətlə xidmət eləmişəm. Neçə vaxtdı Bağdaddaydım.
– Ay aman, kişi öldü!
Şah İsmayıl təmkinlə dönüb Qazı Məhəmmədə baxdı. Onun ürəyi getmişdi.
– Onu hala gətirin! – deyə şah tələsdirdi.
Kimsə cibindən gümüşü qab çıxarıb ağzını açdı. İyi onun burnuna verən kimi qazı ayıldı.
– Hə, danış.
– Bağdadda Barik bəy Pərnək məni tanıyırdı. Özünə yaxın adam bilirdi. Bu günlərdə çağırdı ki, bir iş görməlisən. Şah İsmayılın sarayına yol tapıb bu dinarları Qazı Məhəmmədə çatdırasan. O, şahı Bağdad üstünə gəlməkdən daşındırsın.
Qazının boğuq səsi gəldi.
– Yalan deyir. Mən hara, Barik bəy hara? Ağ yalandı.
Dərviş and içdi.
– Əgər yalan deyirəmsə, Əli qılıncı mənim yeddi arxa dönənimi doğrasın. Mən Bağdada hökmdarımız mürşidi-kamilimizin əmriylə çoxdan getmişəm.
Şah İsmayıl:
– Bəs o rüşvəti Qazı Məhəmmədin Bağdaddakı qohumları ilə göndərə bilmirdilərmi?
– Mən onu soruşdum, Barik bəy dedi ki, bu, mümkün deyil. Səndən heç kim şübhələnməz. Taclıbəyim vasitəsilə Şah İsmayıla təsir göstərmək məsələsi öz ağıllarına da batmamışdı, axırda bu yola əl atmışdılar. Qazı Məhəmməd Barik bəylə çoxdan dostluq eləyirdi. Bunu şahdan gizlətmişdi.
Şah İsmayıl qəzəblə səsləndi:
– Neçəyə satdın səfəvi vicdanını?!
Qazı Məhəmməd dinmədi.
– Səninləyəm?!
– Bilmirəm, saymamışam… – Onun dodaqları pıçıldadı. Şahın qəzəbi onu dinməyə məcbur etmişdi.
– Qorçular!
Dədə bəy qalxdı.
– Yox, sən otur, Dədə bəy. Qorçular!
İki qorçu gəlib baş əydi.
– Gedin Qazı Məhəmmədin mənzilindəki Bağdad dinarlarını gətirin. Bu dərviş də sizinlə gedər. Getdilər və tez də qayıtdılar. Onun mənzili yaxındaydı. Dəri dağarcığı Şah İsmayıl özü çevirib yerə tökdü.
– Budur, sarayıma yol açan zəhərli ilan. Əqidəni, ədaləti tapşırdığım adam gör nə işlə məşğuldur? İndi özünüz deyin, nədi onun cəzası?
– Ölüm!
– Necə?
– Asılsın!
Şah İsmayılı tanımaq olmurdu. Elə hirslənmişdi ki, əlləri əsirdi.
– Asılmalıdı! Heyf ki, ondan böyük cəza yoxdu. Yığın o pulları, dağarcığı boynundan asın. Aldığı rüşvətlə bir yerdə asılacaq. Biz rüşvəti dara çəkməliyik, rüşvəti!
Kimsə dilləndi:
– O qızılların nə günahı? Verilsin xəzinəyə.
– Var günahı. Rəiyyətin alın təri ilə qazandığından yığılan vergilərə, o halala rüşvət qarışsın? Onunla biz varlı yox, ləkəli olarıq. Aparın bu qoca rüşvətxoru!
Çaldıran döyüşünə Sultan Səlimin 4 təhqirlə dolu məktubu səbəb ola bilərdimi?
Hörmətli oxucular!
Hesab edirəm ki, Çaldıran döyüşü türklərin tarixində ən arzuolunmaz qardaş qırğınlarından biridir. Hər iki türk dövlətinin zəifləməsinə səbəb olmuş bir döyüşdür. Çox təəssüf ki, bu savaşın indi də arzuolunmaz şərhi bir çox hallarda osmanlı türklərini azəri türklərinə qarşı qoymaq, əlaqələrin möhkəmlənməsinə mane olmaq xidmətindədir. Tarixçilər zamanın bütün şəraitlərini, səbəbləri və nəticələri təhlil edə bilər və hər iki tərəf üçün məqbul sayıla bilən akademik, fundamental tədqiqat ortaya qoya bilər. Amma geniş oxucu kütləsi dərin mahiyyətə varmaq istəmədiyindən, “əsası yox bu əsas üzərində görünən köpüklərə söykənərək” yanlış nəticəyə gələ bilərlər. Kütlənin belə yanlış nəticələrə gəlməsi çox təhlükəlidir. Bu baxımdan, hətta tarixi romanlar və digər bədii əsərlər yazarkən də çox ehtiyatlı olmaq lazımdır. Bu gün hər tərəfimiz düşmənlə dolu olan bir zamanda iki qardaş xalqın fikrini, düşüncəsini bir-birinə qarşı qoymaq olmaz. Bu səbəbdən də Şah İsmayıl haqqında yazarkən Çaldıran döyüşündən öncə Sultan Səlimin Şah İsmayıla yazdığı 4 məktubun heç birinin mətnini oxuculara təqdim etmək istəmədim. Çünki iki qardaş dövlət başçısının birinin digərinə yazdığı arzuolunmaz (bu ifadə min dəfələrlə kiçildilmiş ifadə sayıla bilər) ifadələrin oxucuların heysiyyətinə, mənliyinə, qüruruna toxuna biləcəyini hiss edirəm. Yazan da özümüzdən, təhqir olunan da özümüzdən.
Amma bu 4 məktuba Şah İsmayılın cavabını tərəddüd etmədən oxuculara təqdim etməyi vacib saydım.
“İslamın pənahı olan hökmdar, dövlət, səltənət, dünya və din uğrunda mübarizə aparan Sultan Səlim şaha – Allah onun dövlətini əbədi, səadətini daimi etsin! – məhəbbət dolu salamlarımı və səmimi arzularımı hədiyyə edib xoş istəklərimi yetirirəm.
Daha sonra, məlumunuz olsun ki, son zamanlar göndərdiyiniz üç məktub yetişdi. Onların məzmunu düşmənçilikdən xəbər verirdi, hədə və kobudluqla dolu idi, lakin bunun səbəbi və mənşəyi nədir, bilmirəm. Cənnətməkan atanızın – Allah onun qəbrini nurla doldursun! – zamanında Əlaüddövlə Zülqədərin həyasızlığı səbəbindən bir Rum ölkəsinə hərəkət etdik və o vaxt tərəflər arasında dostluq və birlikdən başqa bir şey görünmədi və o dövrdə Trabzon valisi olan həzrətiniz də bizimlə həmrəyliyini bildirmişdi. İndi bu kin-küdurətin səbəbi anlaşılmır və əgər olmaz. Əgər sənin xislətində azacıq qeyrət və cəsarət varsa, əlbəttə, mənimlə döyüş meydanına gəlib qoşunumla üzləşməlisən, qoy əzəl gündə nə yazılıbsa, o da baş versin.
İnşaallah-təala! Vəssalam. Hicri 920-ci ilin cəmadiəlaxir ayının sonlarında Ərzincanda yazıldı”.
Cəmi bir neçə gün davam etmiş Çaldıran döyüşü ibrət dərsi olmaq üçün, bir daha səhv etməmək üçün öyrənilməlidir.
“Bir millət, iki dövlət” deyən Ulu öndər Heydər Əliyevin bu müdrik kəlamı hamı üçün örnək olmalıdır. Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə münasibətinin bu çağırışa uyğun qurulması, möhkəmlənməsi, inkişafı hər iki dövlətin inkişafı, gələcəyi üçün önəmlidir. Bizi ucaldan tarixən birliyimiz olub. Birlik pozulanda tarixin qeydiyyatına alınmış qara, utancverici səhifələr yazılıb. Şah İsmayılın hər bir sözü birliyə, mərhəmətə, xeyirxahlığa, ehtirama dəvətdir.
Dahi dövlət başçısı, gözəl alim, şeirləri ilə zirvəyə ucalmış Xətai dünyası öyrənilməlidir, əxz olunmalıdır, nəzərə alınmalıdır. Az xəta etmək üçün, ali dəyərlərə malik insan, vətənsevər, xalqsevər insan olmaq üçün…
Xətai yaradıcılığı bir dəryadır, onun təhlilinə sonsuz sayda kitablar həsr etmək olar. Mən isə öz kitabımın tələblərinə uyğun olaraq o dəryadan bir neçə damcını sizə təqdim etməyi məqsədəuyğun hesab etdim. Bunun Xətai fəlsəfəsini, Xətai dünyasını duymaq üçün yetərli olacağını düşünürəm. Xətai dünyasından Sizlərə ərmağan edilən damlaları qəbul edin. Fəxr edin ki, Xətai kimi əbədiyaşar azərbaycanlımız olub, şərəf, vicdan, birlik tariximizi yazıb. 38 illik qısa ömürdə bu qədər uğurlu işlər görmək adi insan işi deyil. Xətai dahidir, müdrikdir və fatehdir.
Şah İsmayıl Xətainin həyatının xronologiyası
1487-ci il 17 iyul
İsmayıl Səfəvinin anadan olması
1488-ci il 1 iyul
İsmayılın atası Şeyx Heydərin ölümü
1489-cu ilin martın sonları-1493-cü il avqustun əvvəli
İsmayılın anası və qardaşları ilə İstəxr qalasında (fars əyalətində) məhbəsdə qalması
1494-cü ilin ortaları
İsmayılın Ərdəbildə Səfəvi təriqətinin şeyxi təyin edilməsi
1494-cü ilin sonu
İsmayılın Lahicana (Gilana) gəlməsi
1499-cu il 22 avqust
İsmayılın Gilanı tərk etməsi, Ərzincana getməsi
1500-cü ilin yayı
İsmayılın Ərzincanda qalması
1500-cü ilin axırları
Çobanidə (Gülüstan qalası yaxınlığında) İsmayılın Şirvanşah Fərrux Yassarla vuruşması
1501-ci ilin yazı
İsmayılın Bakı qalasını alması
1501-ci ilin ortaları
Şərurda (Naxçıvanda) İsmayılın Ağqoyunlu padşahı Əlvəndlə vuruşması
1501-ci ilin payızı
İsmayılın Təbrizə daxil olması, Azərbaycan taxtına çıxması, şah elan edilməsi
1503-cü il 21 iyun
Şah İsmayılın Ağqoyunlu Sultan Muradla Alma Qulağı (Həmədan) yaxınlığında vuruşması
1503-cü il 24 sentyabr
İsmayılın Şiraza daxil olması
1503-1504-cü il
İsmayılın Qumda qışlaması
1504-cü il 25 fevral
İsmayılın Qaşandan Firuzgaha hərəkət etməsi
1504-cü il 17 mart
İsmayılın Gülxəndan qalasına çatması və onu alması
1504-cü il 29 mart
İsmayılın Firuzgaha çatması, on günlük vuruşmada şəxsən iştirak etməsi, qalanın fəth edilməsi
1504-cü il 11aprel
Usta qalası uğrunda döyüşün başlaması
1504-cü il 13 may
İsmayılın Usta qalasını alması
1504-cü il 19 may
İsmayılın Sorluq yaylağına gəlməsi
1504-cü ilin ortaları
İsfahan yolu ilə Yezdə gəlib, bir aylıq mühasirədən sonra oranı zəbt etməsi
1504-1505-ci ilin qışı
İsfahanda qışlaqda olarkən Sultan Bəyazidin elçilərini qəbul etməsi
1506-1507-ci ilin qışı
İsmayılın Kürdüstana Şir Sarıma qarşı yürüşü
1507-ci ilin mayı
İsmayılın Ərzincana səfəri, Əlaüddövlə Zülqədərlə mübarizəsi, Qeysəriyyədən keçib, Əlbistana gəlməsi, Diyarbəkirə yürüşü
1507-1508-ci ilin qışı
Xoya qayıtması və qışı orada keçirməsi
1508-ci il 21 oktyabr
İsmayılın Bağdada daxil olması
1508-ci il 25 oktyabr
Kərbəlanı ziyarət etməsi, Nəcəfə gəlməsi
1509-cu ilin yayı
İsmayılın İsfahandan Həmədana, sonra Təbrizdən Xoya getməsi
1509-1510-cu ilin qışı
İsmayılın Kürü keçib Şirvana daxil olması, Bakı, Şabran və Dərbəndin təslim olması
1510-cu ilin yazı
İsmayılın Təbrizdə olması, yayın əvvəlində Xorasana hərəkət etməsi
1510-cu il 2 dekabr
Mərv yaxınlığında İsmayılın Şeybani xanla vuruşması
1510-cu il 21 dekabr
İsmayılın Herata gəlməsi
1511-1512-ci ilin qışı
Qum, Fərahən və Savədə ov etməsi
1512-ci ilin yazı
Qumda 2-ci Soltan Bayazid və Qansu Qumrinin elçilərini qəbul etməsi
1512-ci ilin yayın sonu
İsmayılın Sorluq yaylağına getməsi
1512-1513-cü ilin qışı
İsfahana getməsi, qışı orada keçirməsi
1513-cü il 3 mart
İsfahanda olması
1513-cü ilin yazı
Oğlu Təhmasibin anadan olması
1513-1514-cü ilin qışı
İsmayılın Xorasana gəlməsi (Savə, Fizurguh, Soltan Meydan, Qalpuş, Məşhəd) Xorasına özbəklərdən geri alması
1513-1514-cü il qışın sonu
İsfana qayıtması, orada qışlaması
1514-cü il 23 avqust
Həmədana getməsi
1514-cü il
Çaldıran döyüşü
1515-1516-cı ilin qışı
İsmayılın yayı Təbrizdə, yazı Ərdəbildə keçirməsi Təbrizdə oğlu Əlqas Mirzənin anadan olması
1516-cı ilin yayı və qışı
Təbrizdə olması
1517-ci ilin yayı
Sorluqda olması, sonra Naxçıvana getməsi (Bir həftədə üç oğlu anadan olur: Sam Mirzə, Rüstəm Mirzə, Bəhram Mirzə
1517-ci ilin qışı
Naxçıvanda olması, Şirvanşah Şeyxşahın elçilərini qəbul etməsi
1518-ci ilin yayı
Sorluqda olması
1518-ci il 6 sentyabr
Quma gəlməsi
1519-cu ilin yayı
Qumdan İsfahana gəlməsi və orada qalması, Qumda qışlaması, yazda Üləngi, Radiganda olması
1520-ci ilin qışı
Sultaniyyədə olması
1520-1521-ci ilin qışı
İsfahanda olması
1521-1522-ci ilin qışı
Naxçıvanda qalması
1522-ci ilin yayı
Səhəddə və Ucanda olması
1522-1523-cü il
(qışın əvvəlində)
Təbrizə gəlməsi
1523-1524-cü ilin qışı
Naxçıvanda qalması
1524-cü ilin yazı
Şirvana və Şəkiyə hərəkət etməsi, böyük ov təşkil etməsi, orada xəstələnməsi və Ərdəbilə qayıtması
1524-cü il 23 may
Təbrizdə vəfat etməsi.
Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri (III cild). Bakı, “Elm”, 2020, 428 s.
2021-01-30 401955
