ƏDƏBİYYATMƏDƏNİYYƏT

Hər zülmət gecənin xoş sabahı var..Məhərrəm Orucsoy yazır..

Hər zülmət gecənin xoş sabahı var,

Bu inanc içimi didir gizlicə.

Məni ağuşuna alan lal sükut,

Vaxt gələr danışar, dinər bir gecə.

Bu gecə… bu gecə… edam kürsüsü,

Ümidlər asılıb kipriklərimdən.

Sallanır ruhumun qərib nəfəsi,

Gecənin qaranlıq hörüklərindən

Günəşi boğuram öz əllərimlə,

Yalançı işıqdan bezib qaçıram.

Döyüşüb taleyin sərt yellərilə,

Zülmətin bağrından dəlik açıram.

Bir tərəfim uçrum, bir tərəf səma,

Özüm öz içimdə dar qəfəsdəyəm.

Bütün ağrılara salam deyirəm,

Sanki son ayaqda, son nəfəsdəyəm.

Nə qədər çəkəcək bu ağır sınaq?

Səbrin qalasında sönmüş ocağım.

Bir gün dinər deyə umduğum sükut,

Allahdan sonrakı sığınacağım.

Küləkdən yorulmuş gəmi kimiyəm,

Sahil axtarıram duman içində.

Bir gün sis çəkilər, fırtına yatar,

Taparam özümü zaman içində.

Məhərrəm Orucsoy yazır..

Mədəni-Niyyət qəzeti “Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir