Məhərrəm Orucsoy yazır….

Hər şeir yazanda ruhum dincəlir,
Qəlbimdən bir anlıq çəkilir kədər.
Hansı gün yazmasam qəmgin oluram,
Gözümdən ovçuma tökülür kədər.
Mən şeir yazanda cavanlaşıram,
Ürəyim atlanır, gözlərim gülür.
Yazını yazmıram yazmaq xətrinə,
Yazdığım hər bir söz ürəkdən gəlir
O, qəbul olunmuş duamdır mənim,
Misralar içində yaşayıram mən.
Artırır səbrimi sağalır ruhum,
Qəzəbi, nifrəti boşayıram mən.
Mənim iç səsimdir, dirilişimdir.
Kağızda danışır itən illərim.
Ruhum qələm olur, düşüncəm kağız,
Yenidən doğulur ötən illərim.
Sözlər şairlərə qidadan üstün
Şair söz adamı, ruh adamıdır.
Şairlər peyğəmbər olmasalar da,
Şair var Tanrının şah adamıdır.
