ƏDƏBİYYAT

Məhərrəm Orucsoy yazır..Ay Məhərrəm, çox danışma ölümdən…

Sinən üstə qalaqlanan dərdləri

Məhəbbətlə yandır, qala, qəm yemə.

Dağıt dərdin düzəltdiyi komanı,

Eşqin ilə ucalt qala, qəm yemə.

Çox görmüşük bər-bəzəkli taxtları,

Kədər yeyib xoş görünən bəxtləri,

Qəm-qüssədən qırıqlanan vaxtları,

Bir-birinə incə cala, qəm yemə.

Xoşbəxtliyi ürəyində tağ elə,

Sevinməklə fələk qəlbin dağ elə,

Ürəyini çəmən elə, bağ elə

Eşqin ilə bitir lalə, qəm yemə.

Dalay deyər bitsə sözü aşığın,

Halal bilmə haramzadə artığın,

Könül gözün görsün sabah işığın,

Dərdlərini eşqə bələ, qəm yemə.

Bu dünyanın başı çıxmır elmdən,

Sən vurmadan, o danışır bölümdən,

Ay Məhərrəm, çox danışma ölümdən,

Qiyamətə çox var hələ, qəm yemə.

20.06.2025
Qətər, Raslaffan.

Mədəni-Niyyət qəzeti “Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir