ƏDƏBİYYAT

Məhərrəm Orucsoy yazır….Qorxunun Diplomu Var

Qorxunun Diplomu Var

Qorxu artıq savadlı olub. Hələ diplomu da var. Özüdə qırmızı rəngdə. Ziyalı sayılır. Məclislərin baş köşəsində yer göstərilir.
Diplomunu qızıl çərçivəyə salıb, divardan boylanır:
möhürü – susqunluğun möhürüdür. Adında “təcrübə”, mahiyyətində “təslimiyyət”.
Diplomunun möhürü — sükutun qurumuş qanı kimidir… imzası – vicdanın sönmüş izidir.
İndi tribunalardan danışır, səsi iti, baxışı diri. “Həyat mənim müəllimim olub”, “Təcrübəmi həyatın içində qazandım” — deyir
Halbuki o, “yaşamaq” adlı fənni özüdə qorxudan öyrənib, “susmaq”la fərqlənmə diplomu alıb.
” Susmağın ən yüksək pilləsini, doktoranturasını bitirib. Bu səbəbdən də qorxusundan qorxunu təbliğ edir. Hamını özünə bənzətmək —
danışmayan, düşünməyən, tabe olan bir kütləyə çevirmək istəyir.
O danışır. Danışdıqca həqiqəti — ağzında bükəliyir. Lal dili cəsarət kəkələyir. Öz məstəbində güya cəsarəti ləkəliyir.
“Yaşamaq üçün susmaq lazımdır” — deyir: —
sanki həyatın fəlsəfəsini qorxu yazıb.

Cəsarət isə hələ də imtahan zalındadır —
Həyəcandan əlləri tərli, baxışları gərgin, ayaqları titrəyir amma çöhrəsində işıq var.
Suallar tanışdır, lakin cavablar dəyişdirilib.
“Düzünü demək istəyirsənmi?” — deyə soruşurlar.
O “bəli” deyir, ancaq bu cavab yenə səhv sayılır,
çünki bu zalda doğruluq — yalana çevrilməyin ilk mərhələsidir.
Müəllimlər “Qorxunun” qorxusundan qorxunu kölgəsində dərs deyirlər. Sinifdə pəncərələr bağlıdır, çünki işıq həqiqəti göstərir.
Yeni fənn var — “Səssizlik etikası və estetikası”
Lövhələrdə silməyən qələmlərlə “təhlükəsiz düşüncə” qaydaları yazılıb.
Bu ” qaydalar” düşuncələrə qələmlərlə, qorxu dolu baxışlarla qazılıb.
Danışmayanlar yüksək qiymət alır,
düşünənlər isə “sistem pozucusu” adlanır.
Dərs proqramında “vicdan” artıq seçmə fəndir,
onu oxuyanlar diplom ala bilmir.

Bir vaxtlar burada azadlıq adlı məsum bir fakültədə var idi — əlində qələm yox, nəfəsi isti.
Amalı insan idi, o, fakultənin. Tələbələr lövhəyə “ Azad vicdan, azad insan ” yazdılar. Rektor otağından “Sus əmri” gəldi.
Azadlıq fakültəsi bağlandı, azadlıq meydanı kimi. Tələbələri qovuldu, küçələrə düşdülər.
Qorxusuz müəllimlər qovulan tələbələrin baxışlarına dözə bilmədilər.

İndi qorxu professor titulundadır,
gözlüklərinin arxasında gizlənən bir saxta müdrikliklə. Eynəyini endirib qorxusuzları süzür- badəsinə şərab süzər kimi…
Hər gün eyni dərsi təkrarlayır, eyni leksiyanı deyir:
“Yaşa, amma soruşma.
Gülümsə, amma düşünmə.
Tabe ol, və sağ qal.”
“Düşünmə, çünki düşünmək xəstəlikdir.”
Bu cümlələrdən dərs planı hazırlanıb. Bunun haqqında pafoslu mühazirələr oxunur.
və hər semestr “qorxu” fakültəsinin məzunları artır.
Tələbələr bu dərsdən beş alır.
Çünki qiymət sistemi
tabeçiliyin ölçüsünə əsaslanır.

Auditoriyada alqışlar yüksəlir —
qorxuya alqış, susqunluğa pərəstiş, şəxsiyyətə sitayiş.
Şəxsiyyətdən haqsız fərmayiş, bu nə iş.
Bütün sozlərin sonu iş, ancaq sözdə – əməldə yoxdur iş.
Kaş ki o səslər bir anlıq sükutun içində əziləydi. Çünki bu alqışlardan gələn şappıltılar əllərin deyil, utanan vicdanların səsidir.

Cəsarət küçəyə çıxıb.
İndi onun sinfi — küçədir, lövhəsi — divarlar.
Diplomu yoxdur, amma sözü var.
Divarlara yazır:
“Qorxunun diplomu var,
amma insanlığın hələ də attestatı yoxdur.”

Sonra başını qaldırıb səmaya baxır. Orada yazılan gizli sözləri düşüncəsində oxuyur,
Orada hələ heç kim qiymət verilmir, çünki hər şeyin öz zamanı var.
Buludlar üzərində “imtahan komissiyası” yoxdur.
Orada tək bir dərs var — həqiqət.
Və bəlkə də azadlıq,
həmin dərsin səssiz auditoriyasında gizlənib —
kağızsız, imzasız,
amma hələ də diri.

Məhərrəm Orucsoy
Mədəni-Niyyət qəzeti “Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir