Tufanların Bətnindəki Adam.. Məhərrəm Orucsoy yazır..
Tufanların Bətnindəki Adam
Tale qəribə bir xəttatdır. Bəzən insan ömrünün səhifəsinə elə mürəkkəb naxışlar çəkir ki, insan öz taleyinin ağırlığı altında susub qalır. Mehdi də o qələmin ucundan doğan qəliz və mənalı naxışlardan biri idi. Onun həyatı bitməyən bir sınaq meydanını xatırladırdı; sükutla tufanın əbədi qarşıdurmasını.
Hər şey illər əvvəl başladı. Duzlu küləklərin sinəsini yararaq irəliləyən bir gəminin göyərtəsində.
Gecə ağır idi. Zülmət qatılaşmışdı. Gəmi isə sakitcə yoluna davam edirdi. Hər şey adi görünürdü. Ta ki tufan qopan ana qədər. Əvvəl külək dəyişdi. Sonra qışqırıqlar yüksəldi.
Göy üzündən yağan qorxu, dənizin sükutunu parçalayan səslər… Qısa, amma kəskin və amansız.
Mehdi o gecə mərhəmətin necə güllələndiyini gördü. Ona tuşlanan soyuq silah lülələri, yad simaların qəzəbli baxışları və qaçılmaz əsarət…
Azadlığın rəmzi olan sonsuz dənizin ortasında, dar bir məkanın içində qandallanmaq – bu, təkcə biləklərin deyil, insan qürurunun da əsarəti idi. Amma Mehdinin baxışlarındakı qığılcım sönmədi. O, dörd divar arasında belə ruhunun azadlığını qorumağı bacardı. İçindəki işıqla zülmətə dirəndi.
İllər keçdi, yaralarının üzəri qaysaq bağladı. Sular durulmuş kimi göründü. Amma tale hələ də sınaqlarını bitirməmişdi. Sadəcə libasını dəyişmişdi. Bu dəfə səhnə başqa idi. Barıt qoxulu küləklərin əsdiyi uzaq bir torpaq… İsti və quru bir iqlim… Göyü yararaq gələn görünməz təhlükələr və uzaqlardan eşidilən partlayış səsləri. Ancaq zülümkar eyni idi.
Qum dənələri belə qorxudan titrəyirdi. Dənizdəki əsarətdən sonra Mehdi indi müharibənin ortasında idi.
O artıq ölümün qanad səsinə bələd idi. Barıtın kəskin qoxusu ona yad deyildi. Amma bu dəfəki ağrı başqa idi. Bu ağrı bədənə deyil, ruhun ən incə tellərinə toxunurdu. Gecələr yad və ulduzsuz səmanın altında səssizcə oturarkən o, keçmişlə bu günü bir-birinə qarışdırırdı. Duzlu dəniz xatirəsi ilə səhranın acı küləyi yaddaşında birləşirdi. O amansız gecədə, gəminin göyərtəsində göyə qaldıra bilmədiyi dualar indi bu yanmış torpaqlarda səssiz fəryada çevrilirdi.
İnsan nə qədər dözə bilər? Bir ömrə neçə qiyamət sığar? Qan, qum və bitməyən intizar.
Qəlbi şüşə kimi qırılmışdı, amma o qırıntılar belə işığı əks etdirməyi bacarırdı. Onun sükutu heç vaxt acizlik deyildi. Bu, həyatın zəhərini qədəh-qədəh içmiş bir insanın ağır və düşüncəli sükutu idi. Gözlərinin dərinliyində dalğalanan hüzün dənizi əslində içində qopan tufanların etirafı idi.
Bəzən küləyin səsinə qulaq asaraq öz-özünə pıçıldayırdı:
— Görəsən tale niyə məni həmişə tufanların ortasına gətirir? Niyə limanlar mənə haramdır?
Bəlkə də Yaradan ən ağır yükləri yalnız onu qamətini əymədən daşıya biləcək çiyinlərə verir.
Dənizdə qandallanmaq…
Sonra müharibənin ortasında yaşamaq…
Mehdi həyatın həm paslı dəmirini, həm də barıtın acı qoxusunu dadmışdı. Amma bütün bunlara baxmayaraq, onun daxilindəki insanlıq işığı sönməmişdi.
Çünki keçdiyi cəhənnəm yolları ona bir həqiqəti öyrətmişdi:
Əsl sülh insanın ayaq basdığı torpaqda deyil.
Əsl sülh insanın qəlbinin ən dərin yerindədir.
Lakin bu sükunət təkcə fərdi təsəlli deyildi.
Bu, gələcəyə saxlanmış bir ümid idi.
Mehdi bəzən sarsılmış torpağa ovucunu basarkən barıt tüstüsünün o tayında başqa bir dünya görürdü.
Uşaqlar…
Dünyanın bütün məsumiyyətini gözlərində daşıyan uşaqlar.
O istəyirdi ki, o kiçik əllər bir daha qorxudan titrəməsin. Səmadan ölüm deyil, yalnız yaz yağışı yağsın.
Güllə səslərini uşaqların qəhqəhəsi əvəz etsin.
Analardan isə yalnız layla eşidilsin.
Bəlkə də Mehdi bütün bu tufanlardan ona görə keçmişdi.
Bəlkə də onun çəkdiyi əzablar gələcək nəsillərin sülhü üçün verilmiş səssiz bir qurban idi.
O tufanların içində yanmışdı ki, ondan sonra gələnlər tufanı yalnız köhnə kitabların saralmış səhifələrində oxusunlar.
Bir gün qan susacaq.
Dəmir paslanacaq.
Barıt qoxusu küləklə birlikdə yox olacaq.
Və bir səhər açılacaq.
Elə bir səhər ki, Mehdinin yorğun qəlbində gizlətdiyi o tənha sükunət bütün bəşəriyyətin oxuduğu böyük bir sülh nəğməsinə çevriləcək.
Məhərrəm Orucsoy Qətər, Raslaffan.
08.03.2026
Mədəni-Niyyət qəzeti “Yenideyer.az”
