SƏHİYYƏ

Keçmişin izləri ilə yaşamaq: Emosional sağlamlıq və münasibətlər..

Müasir insanın daxili dünyasında baş verən bir çox psixoloji çətinliyin kökü uşaqlıq illərinə gedib çıxır. Seçdiyimiz münasibətlər, verdiyimiz qərarlar, tənqidə reaksiyamız və emosional balansımız çox zaman fərqində olmadan keçmiş təcrübələrimizin təsiri altında formalaşır. Amerikan Psixoloqlar Assosiasiyasının üzvü, klinik psixoloq Fəridə Musavi ilə apardığımız geniş müsahibədə uşaqlıq travmalarının yetkin münasibətlərə təsiri, emosional sağlamlığın fərdi inkişafdakı rolu, yetkinlik anlayışı və sosial şəbəkələrin insan münasibətlərinə təsiri ətraflı şəkildə müzakirə olunub. Psixoloq, travmalarla yaşamağın insan həyatında yaratdığı görünməyən fəsadlara diqqət çəkərək, şəfalanma və özünüdərk yolunun vacibliyini vurğulayır.

Müsahibəni Gundelik.az oxucularına təqdim edirik: 

  —  Psixoloqla apardığımız geniş müsahibədə uşaqlıq travmalarının insan həyatına təsiri, yetkinlik faktoru, emosional balans, və müasir dövrdə sosial şəbəkələrin münasibətlərdə rolu mövzusunda maraqlı fikirlər irəli sürüldü. O, fərdi inkişafın kökündə emosional sağlamlıq və keçmişin izlərinin dayandığını vurğuladı.

 Uşaqlıq travmaları yetkin münasibətlərə necə təsir edir?

Bir mənalı şəkildə travmalar həyatımıza dərin izlər buraxır. Bəziləri isə bütün həyatımıza əhatə edir. Əgər fərqində olub şəfalanmağa çalışmasaq, bu, həyatımız bahasına başa gələ bilər,” – deyən psixoloq bildirib ki, uşaqlıqda alınan travmalar yetkinlik dövründə sağlam münasibət qurmağa ciddi maneə yaradır. “Travma almış bir uşaq böyüyəndə doğru qərarlar verə bilmir, münasibətlərində toksik nümunələr təkrarlanır. Ən çox valideyn travmaları gələcək münasibətləri zədələyir. Belə insanlar uğurlu ailə və sevgi münasibətləri qura bilmirlər, çünki onların seçimi travmalarının diktəsi ilə olur.

 Öz hissələrini ifadə edib qarşı tərəfi incitməmək üçün nə etməli?

—  İnsan əvvəlcə özünü sevməli, dəyərini bilməlidir. Özünə güvənən insan qarşı tərəfi razı salmaq üçün özünü tapdalamaz,” – deyə müsahibimiz vurğulayır. O qeyd edir ki, insanlar bəzən zərər görsələr də, qarşı tərəfə ‘yox’ deməkdə çətinlik çəkirlər. Bu isə onların sevgi və qəbul olunma ehtiyacından doğur. “Uşaq ikən sevgi görməyən insanlar böyüyəndə “sevgi dilənçisi”nə çevrilir. Onlar başqalarının razılığını almaq üçün öz ehtiyaclarını ikinci plana atırlar. Balansı qorumaq üçün isə etik şəkildə, lakin aydın şəkildə fikrini ifadə etməyi bacarmaq lazımdır.

Yetkin insan tənqidə necə reaksiya verir?

  —  Psixoloqa görə, yetkin insan tənqidə açıqdır, amma cavab vermək hər zaman məcburi deyil. “Bəzən susmaq ən gözəl cavabdır. Haqlı və haqsız tənqidlər var. Qarşı tərəf israrla öz fikrini sənin fikrin üzərinə qoymağa çalışırsa, bu, artıq dəyərsizləşdirməyə çevrilir. Ağılı qısa insana uzun cavab vermək savadlı insanın işi deyil. Bəzən dəyərini qorumaq üçün həmin mühiti tərk etmək daha doğrudur.” Özümüz doğru olduğumuzu biliriksə, başqasına nəyisə sübut etmək məcburiyyətində deyilik. Yetər ki, özün öz doğrularına əmin olasan, bu da öz güvəndən irəli gəlir.

Gənc yaşda yetkin görünənlər və yaşca böyük, amma az olqun fərdlər arasındakı fərq nədir?

  — Bu fərqin kökü həyat təcrübəsindədir, – deyə psixoloq bildirir. Həyata erkən atılan, məsuliyyət götürən insanlar daha tez olqunlaşır. Amma ərköyün böyüyən, eqosunu öndə tutan insanlar yaşla paralel şəkildə olqunlaşmır. O, həmçinin erkən nikah qurbanı olan qadınlara da toxundu: Bunlar hələ uşaqkən qadınlığa məcbur edilirlər. Bu isə həm bioloji, həm də psixoloji travmadır. Bu insanlar erkən olqunlaşsalar da, daxildə travmalarla yaşayırlar. Zahirən də daha yaşlı görünürlər.

 Sosial şəbəkələr münasibətlərin qurulmasına kömək edir, yoxsa əngəl olur?

  —  Baxır kim, necə istifadə edir. Amma ümumilikdə çox meyilli olmaq tövsiyə olunmur, çünki bu, insanı sosial mühitdən uzaqlaşdırır. Sosial şəbəkədə qurulan münasibətlər hər zaman uğurlu olmur. Mən psixoloq olaraq deyirəm ki, insan real həyatda ətrafındakı insanlarla zaman keçirsin, əks halda dəyərli münasibətləri qaçırar.

Bəzi insanlar isə travmalar səbəbilə sosial mühitdən uzaqlaşaraq, yalnız sosial şəbəkələrdə yaşayırlar, orada partnyor, dost axtarırlar. Ancaq tövsiyəm budur: nə qədər travma varsa, o qədər də şəfa yolu var. Həyat gözəldir, onu travmalarla keçirmək olmaz. Öz düşüncələrini şəfalandırmalısan, çünki köhnə düşüncə ilə yeni ideya yarana bilməz. Əgər həyatını dəyişmək, gözəlləşdirmək istəyirsənsə, əvvəlcə travmalarını şəfalandırmalı, düşüncələrini yeniləməlisən.Özünüzü şəfalandırın ki, həyatınızı gözəlləşdirə biləsiniz.

Aktual mövzulara aydınlıq gətirdiyi üçün Fəridə  xanım Musaviyə təşəkkür edirik.

Müsahibəni götürdü: Fəridə Sadıqzadə Gundelik.az

Mədəni-Niyyət qəzeti “Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir