18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür..
Milli Kitabxanada tarixi abidələrin qorunması, xalqın yaddaşının və mədəni irsinin təbliği, gələcək nəsillərə ötürülməsi məqsədilə 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş virtual və eyniadlı ənənəvi sərgilər istifadəçilərə təqdim edilib.
Sərgilərdə müxtəlif dövrlərə aid tarixi abidələr, memarlıq nümunələri, eləcə də Azərbaycanın zaman-zaman ermənilər tərəfindən dağıntılara və saxtalaşdırmalara məruz qalmış, məhv edilmiş, adları dəyişdirilmiş və mənimsənilmiş abidələri haqqında ədəbiyyatlar, tədqiqat işləri, dövri mətbuatda çap edilmiş məqalələr və digər materiallar nümayiş etdirilir.
Virtual sərgiyə bu linkdə baxmaq olar: https://anl.az/el/vsb/Tarixi_Abidelerin_Muhafizesi_Gunu/index.htm
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 1983-cü ildə UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) təşəbbüsü ilə təsis edilib. Əlamətdar günün məqsədi tarixi-mədəni irsin qorunmasının əhəmiyyətini diqqətə çatdırmaq, abidələrin bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətləri təşviq etməkdir. Bu münasibətlə dünyanın demək olar ki, bütün ölkələrində tarixi abidələrin qorunması, onların bərpası və turizm məqsədilə istifadəsi istiqamətində geniş tədbirlər həyata keçirilir.
Azərbaycanda tarixi abidələrin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən maddi-mədəni irs nümunələrinin uçotu və qeydiyyatı aparılır, abidələrin bərpası və konservasiyası üzrə layihələr hazırlanaraq həyata keçirilir.
Respublikamızda tarixi abidələrin qorunması üçün möhkəm hüquqi baza formalaşdırılıb. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi tarixi-mədəni irsin qorunması, abidələrin bərpası, mühafizə zonalarının dəqiqləşdirilməsi və şəhərlərin müasir, planlı inkişafı ilə onların tarixi simasının vəhdətinin təmin olunmasına yönəlmiş mühüm strateji addımdır. Dövlət proqramları vasitəsilə abidələrin bərpasına maliyyə dəstəyi göstərilir və bu sahədə yeni layihələr həyata keçirilir.
Azərbaycan zəngin tarixi və mədəni irsə malik ölkələrdən biridir. Ölkəmizdə yerləşən qədim şəhərlər, qalalar, məbədlər və digər memarlıq nümunələri milli sərvətimizdir. Tarixi abidələrin qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur.
Mədəni-Niyyət qəzeti “Yenideyer.az”
